Göz əsməsinin gözlənilməz səbəbləri

Göz əsməsinin gözlənilməz səbəbləri

Göz əsməsi psixonevroloji pozğunluqlar, xroniki yuxu çatışmazlığı və ya streslə əlaqəli ola bilər.

Bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov Gazeta.ru-ya müsahibəsində danışıb.

Həkim bildirib ki, göz qapağı əzələlərinin qeyri-iradi yığılması, yəni "tiklər" çox vaxt psixoemosional gərginliyin göstəricisidir: "Bu cür hallar imtahana hazırlıq, xroniki yuxu çatışmazlığı və ya intensiv iş qrafiki fonunda yarana bilər. Lakin bu simptom həm də ciddi patoloji proseslərdən xəbər verə bilər. Xüsusilə, tiklər Turet sindromu və ya autizm spektrinin pozğunluqları kimi psixonevroloji problemlərlə də əlaqəli ola bilər".

A.Umnov vurğulayıb ki, göz əsməsi bəzən kəllə-beyin travması və ya daha ciddi infeksion xəstəliklərin də simptomu ola bilər.

"Blefarospazmı - müxtəlif stimullara cavab olaraq göz qapağı əzələlərinin nəzarətsiz şəkildə yığılması halını da nəzərə almaq lazımdır. Bu, quru göz sindromu, kəllə-beyin travması və ya digər patologiyaların təzahürü ola bilər. Eyni zamanda, gözlərin əsməsinə səbəb olan maqnezium və B qrupu vitaminlərinin çatışmazlığına da diqqət yetirmək vacibdir", - deyə o əlavə edib. (oxu.az)