Nərimanovda yerləşən “Günaydın” restoranına “5 ulduz” sertifikatı təqdim olunub

Nərimanovda yerləşən “Günaydın” restoranına

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Günaydın” restoranında qiymətləndirmə aparılıb.

Aparılan yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və Nərimanov rayonunda yerləşən restorana ən yüksək göstərici sayılan “5 ulduz” sertifikatı təqdim olunub.

“Ulduz-reytinq” layihəsi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğun obyektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Qiymətləndirmə nəticələrinə əsasən müəssisələr 3, 4 və ya 5 ulduzla dəyərləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.  

Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub. Qiymətləndirmə nəticələrinə əsasən artıq 5 restoran ən yüksək nəticə əldə edərək “5 ulduz” sertifikatına layiq görülüb. Bu isə həmin müəssisələrdə yüksək sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu göstərir.

Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. İaşə obyektləri layihədə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərə bilərlər. 

Əlavə məlumat almaq və ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinq sistemi ilə tanış olmaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.