“İnvestaz” cərimələndi - MƏHKƏMƏ QƏRARI

“İnvestaz” cərimələndi

“İnvestaz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) əmək qanunvericiliyinin pozulmasında ittiham edilib.

BusinessTime.az Yurd.Media-ya istinadən xəbər verir ki, Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

Məlum olub ki, “İnvestaz”da bir qrup şəxs Xankəndi şəhərində müvafiq vəzifələrdə əmək müqaviləsi bağlanmadan işləyiblər.

Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə MMC 2 min manat cərimə edilib. Şirkət rəhbərliyi qərardan apellyasiya şikayəti verib və Xankəndi Şəhər Məhkəməsinin qərarının ləğv edilməsini istəsə də Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, ötən il Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “İnvestaz” şirkəti ilə Xankəndi şəhərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində cari təmir işlərinin aparılması ilə bağlı 1 milyon 625 min manatlıq müqavilə bağlayıb.