“Liv Bona Dea” Nigar Köçərlidən 222 min manat tələb edir

“Liv Bona Dea” Nigar Köçərlidən 222 min manat tələb edir

Bakıda fəaliyyət göstərən Liv Bona Dea Hospital pasiyent, Əli və Nino Kitab Mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəməyə müraciət edib və yüksək məbləğdə təzminat tələb edir.

Bakupost.az-a daxil olan məlumata görə, klinika Nigar Köçərlidən ümumilikdə 222.395 manat tələb edir. Bu məbləğin 218.886 manatı maddi zərər, 509 manatı dövlət rüsumu, 3.000 manatı isə hüquqi yardım xərci kimi göstərilib.

İddia pasiyentin sosial şəbəkədə etdiyi paylaşımlarla bağlıdır. Məlum olduğu kimi, Nigar Köçərli sözügedən klinikada əməliyyat olunub və sonradan şəxsi hesabında əməliyyatdan sonra ona qarşı çox pis rəftar edildiyini, həm fiziki, həm də psixoloji sarsıntı keçirdiyini yazıb. O bildirib ki, əməliyyatın uzanması və sonrakı münasibət onda ciddi travmaya səbəb olub.

Nigar Köçərli bununla bağlı xəstəxana rəhbərliyindən izah tələb edib. Klinikadan isə bu müraciətə cavab olaraq ittiham xarakterli açıqlama gəlib.

Pasiyentin son paylaşımlarından görünür ki, hazırda o psixoloji gərginlik yaşayır və həkimlərdən yardım istəyir.

Klinika isə həmin paylaşımların onların işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək məhkəməyə müraciət edib. İş hazırda icraatdadır.

Psixoloji sarsıntı yaşayan pasiyentə izah vermək, araşdırma aparmaq və dəstək göstərmək əvəzinə yüz minlərlə manatlıq iddia qaldırmaq təkcə etik deyil, həm də ictimai baxımdan təhlükəli presedent yaradır. Bu addım faktiki olaraq cəmiyyətə açıq mesajdır: danışsan, şikayət etsən, məhkəmə ilə susdurula bilərsən.

Əgər bir vətəndaş aldığı tibbi xidmətdən narazıdırsa və bunu açıq şəkildə ifadə edirsə, normal sistemlərdə cavab məhkəmə basqısı yox, şəffaf araşdırma olur. Bu cür yanaşma problemi həll etmir, əksinə, səhiyyə sisteminə olan etimadı sarsıdır və digər pasiyentləri də susmağa məcbur edir.

Bu yanaşma təkcə konkret bir pasiyentlə bağlı məsələ deyil - bu, bütün cəmiyyət üçün təhlükəli və pis bir presedentdir.