Mən kim üçün kontent hazırlayıram?

Mən kim üçün kontent hazırlayıram?

Şəxsi brend qurarkən peşəkar tükənmənin qarşısını necə almaq olar?

Rəqəmsal dövrdə öz bilik və ekspertliyini geniş auditoriyaya çatdırmaq bir çox peşə sahəsi üçün zərurətə çevrilib. Həkimlər, müəllimlər, alimlər, PR mütəxəssisləri və digər ekspertlər cəmiyyətlə davamlı ünsiyyət qurmalı, bilik və təcrübələrini paylaşmalıdırlar. Lakin son illər sosial media platformalarının sürətli inkişafı ilə yanaşı, bir çox mütəxəssis davamlı paylaşım etmək təzyiqi ilə üzləşir. Bir çox ekspertlər hesab edir ki, hər gün paylaşım etməsə, auditoriyasını itirəcək, alqoritmlər onu "unudacaq" və şəxsi brendi zəifləyəcək. Bu düşüncə isə zaman keçdikcə emosional tükənməyə (burnout), yaradıcılıq böhranına və peşəkar motivasiyanın azalmasına səbəb ola bilər.

Şəxsi brend hər gün paylaşım etmək demək deyil

Şəxsi brend yalnız sosial şəbəkələrdə davamlı paylaşım etməkdən ibarət deyil. Əslində, şəxsi brend insanların sizi hansı sahənin peşəkarı kimi tanıması, hansı dəyərlərlə əlaqələndirməsi və sizə nə dərəcədə etibar etməsi deməkdir. İnsanlar sizi videolarınızın sayına görə deyil, təqdim etdiyiniz bilik, etibarlılıq və peşəkarlığınıza görə xatırlayırlar.

Ən vacib sual: Mən kim üçün kontent hazırlayıram?
Kontent strategiyasının əsasını auditoriyanın düzgün müəyyənləşdirilməsi təşkil edir. Hamını razı salmağa çalışmaq əvəzinə, əsas hədəf auditoriyanızı dəqiq müəyyənləşdirmək daha səmərəlidir. Özünüzə aşağıdakı sualları verin: Mənim əsas auditoriyam kimdir?  Onların hansı problemləri var? Mən hansı problemlərin həllində faydalı ola bilərəm? Auditoriya məndən hansı məlumatı gözləyir? Bu suallara verilən cavablar kontentinizin istiqamətini müəyyənləşdirəcək.

Kontent sistem üzərində qurulmalıdır
Peşəkar kommunikasiya təsadüfi paylaşım deyil, planlı fəaliyyət tələb edir. Bunun üçün kontent sisteminin qurulması vacibdir. Əsas mövzularınızı əvvəlcədən müəyyən edin. Məsələn, həkim üçün bunlar sağlamlıq maarifləndirilməsi, pasiyent sualları, profilaktik tədbirlər, tibbi yeniliklər və uğurlu klinik təcrübələr ola bilər. PR mütəxəssisi üçün isə kontent strategiyasına ictimaiyyətlə əlaqələr üzrə tövsiyələr, media ilə effektiv əməkdaşlıq, böhran kommunikasiyasının idarə edilməsi, reputasiya menecmenti, şəxsi və korporativ brendinq, rəqəmsal kommunikasiya, sosial media strategiyaları, uğurlu PR kampaniyalarının təhlili, kommunikasiya trendləri və peşəkar təcrübədən əldə olunan praktik təcrübələr daxil edilə bilər. Belə yanaşma daim yeni mövzu axtarmaq stresini azaldır.

2. Paylaşım ritmini müəyyən edin
Hər gün paylaşım etmək məcburi deyil. Əsas məsələ davamlılıq və keyfiyyətdir. Həftədə iki və ya üç faydalı paylaşım bəzən hər gün edilən səthi paylaşımlardan daha effektiv nəticə verir.

Batching üsulu vaxta qənaət edir.
Müasir kontent marketinqində geniş istifadə olunan metodlardan biri "batching"dir. Bu üsul bir neçə paylaşımın eyni gündə hazırlanmasını nəzərdə tutur. Məsələn: bir gündə 10 video çəkilişi, bir aylıq foto materialının hazırlanması, bir neçə məqalənin əvvəlcədən yazılması, sosial media planının əvvəlcədən tərtib edilməsi. Beləliklə, hər gün yeni kontent hazırlamaq məcburiyyəti aradan qalxır.

Hər işi özünüz görməyə çalışmayın
Şəxsi brend qurmaq təkbaşına bütün işləri yerinə yetirmək demək deyil. İmkan olduqda aşağıdakı işləri komandaya həvalə etmək məqsədəuyğundur: video montajı, qrafik dizayn, subtitrlərin hazırlanması, paylaşımın planlaşdırılması, analitik hesabatların hazırlanması. Bu yanaşma ekspertin əsas fəaliyyətinə – bilik və təcrübəsini bölüşməyə daha çox vaxt ayırmasına imkan yaradır.

Fasilə vermək zəiflik deyil
Sosial mediada ən geniş yayılmış miflərdən biri budur ki, paylaşım dayandıqda auditoriya tamamilə itirilir. Əslində isə keyfiyyətli və faydalı kontent istehsal edən ekspertlər qısa fasilələrdən sonra da auditoriyanın etibarını qoruyurlar. İstirahət etmək, enerji toplamaq və yeni ideyalar formalaşdırmaq uzunmüddətli uğurun vacib şərtlərindəndir.

Peşəkar tükənmənin (Burnout) əlamətlərini vaxtında tanıyın
Peşəkar tükənmənin ilk əlamətləri adətən aşağıdakılar olur: motivasiyanın azalması, yaradıcılıq çatışmazlığı, emosional yorğunluq, paylaşım etmək istəməmək, sosial mediadan uzaqlaşmaq arzusu, iş məhsuldarlığının azalması. Bu əlamətlər müşahidə olunduqda iş yükünün yenidən planlaşdırılması və istirahətə vaxt ayrılması vacibdir.

Süni intellekt köməkçidir, əvəzedici deyil
Bu gün süni intellekt alətləri kontent hazırlanmasını xeyli sürətləndirə bilir. Mövzu ideyalarının yaradılması, mətnlərin ilkin layihələrinin hazırlanması, planlaşdırma və vizual konsepsiyaların işlənməsi artıq daha asan həyata keçirilir.  Lakin şəxsi təcrübə, peşəkar mövqe, empatiya və etibar süni intellekt tərəfindən əvəz edilə bilməz. Auditoriyanın dəyər verdiyi əsas amil məhz ekspertin öz bilik və təcrübəsidir.
Şəxsi brend qurmaq sonsuz sayda paylaşım etmək deyil, düzgün strategiya, planlı kommunikasiya və auditoriya ilə etibarlı münasibət formalaşdırmaqdır. Kontent istehsalı məqsəd deyil, peşəkar fəaliyyətinizi görünən və təsirli edən vasitədir.

Unutmaq olmaz ki, uzunmüddətli uğurun əsas şərti yalnız tanınmaq deyil, həm də öz enerjinizi, motivasiyanızı və peşəkarlığınızı qorumaqdır. Şəxsi brend o zaman davamlı olur ki, insanı davamlı kontent istehsal etmək məcburiyyəti altında saxlamır, əksinə onun bilik və dəyərlərini doğru auditoriyaya sistemli şəkildə çatdırmağa xidmət edir.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi  Dilarə Zamanova