Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Klinikanın birgə təşkilatçılığı və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanımlarının iştirakı ilə “Zərifliyin gücü” adlı bayram tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş bütün şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova və Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bayram münasibətilə qadınları təbrik edib, onlara cansağlığı, ailə səadəti, həyatda və işlərində uğurlar diləyiblər.
Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu gün böyük Zəfər qalibiyyətinin təntənəsi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir, gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atan Azərbaycanda qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi istiqamətində bu sahədə davamlı olaraq dünyaya nümunə olan tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, bu gün ölkəmizdə qadınların nüfuzu, rolu və parlaq fəaliyyəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha yüksək səviyyədə təqdim olunur.
Azərbaycanın birinci xanımı bəşəri əməlləri özündə cəmləşdirən geniş fəaliyyəti ilə hər bir Azərbaycan qadınının həyat simvoluna, ruh mənbəyinə çevrilib və bu ideallara sadiqlik nümayiş etdirən qadınlarımız yeni və daha güclü Azərbaycan naminə öz layiqli töhfələrini verir, siyasi və dövlət quruculuğu sahəsində əsil vətənpərvərlik nümunələri göstərirlər.
Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva şəhid ailələrinin xanımları adından çıxış edərək dövlətimiz tərəfindən onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən böyük qayğı və diqqətə, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.
Tədbir bədii hissə ilə davam edib, tanınmış incəsənət nümayəndələri musiqi proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda qadınlara əlamətdar bayram münasibətilə hədiyyələr və gül dəstələri təqdim olunub.