Ordubadın icra başçısı Sabirkənddə sakinlərlə görüş keçirib

Ordubadın icra başçısı Sabirkənddə sakinlərlə görüş keçirib

Vətəndaş-məmur münasibətlərinin şəffaf müstəvidə qurulması və yerlərdə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Sabirkənd kəndində növbəti səyyar qəbulunu keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri, Sabirkənd və Baş Dizə kəndlərinin sakinləri iştirak ediblər.

Qəbulda çıxış edən Rəcəb Rəhimli, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının regionda müasir infrastrukturun qurulması və hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib.

Qeyd olunub ki, bu çərçivədə Ordubad rayonunda şəhər və kənddaxili yol ifrastrukturunun bərbası və yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin yaxşılaşdırılması, yeni istehsal sahələrinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi, turizmin inkişafı, əhalinin rifahının yüksəldilməsi prioritet istiqamətlərdir.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Ordubad rayonunda da içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur. Vurğulanıb ki, Zəngəzur dəhlizinin reallaşdırılması çərçivəsində dəmir yolu infrastrukturunun yenidən qurulması rayonda məşğulluq səviyyəsinin yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan məşğulluq,  içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması,  kənd ərazisindən keçən yolda xəbərdaredici yol nişanlarının qoyulması, sosial xidmətlər, səhiyyə və s. ilə bağlı müraciətlərin bir qismi yerində həll edilib, həlli müəyyən vaxt tələb edən məsələlər isə aidiyyəti qurumlara yönləndirilib, icrası nəzarətə götürülüb və qurum rəhbərlərinə konkret tapşırıqlar verilib

Görüşün sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.