PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti yekunlaşdı
“INMerge” İstanbul və “INMerge” Daşkənd tədbirlərindən sonra “INMerge” İnnovasiya Sammiti 2026-cı il beynəlxalq tədbirlər seriyasını 29 iyun tarixində Berlində, AXICA Konqres Mərkəzində keçirilən “INMerge” Berlin tədbiri ilə yekunlaşdırdı. Tədbir Avropa və Mərkəzi Avrasiya regionları üzrə investisiya, tərəfdaşlıq və bazar genişlənməsi imkanlarını müzakirə etmək məqsədilə təsisçiləri, investorları, korporativ innovasiya liderlərini, rəhbərləri, startapları, vençur kapitalı nümayəndələrini və texnologiya liderlərini bir araya gətirdi.
Noyabr ayında Bakıda keçiriləcək əsas “INMerge” İnnovasiya Sammitindən əvvəl üçüncü və sonuncu beynəlxalq dayanacaq olan “INMerge” Berlin “GITEX Europe”-un rəsmi proqramı çərçivəsində keçirilən tədbir kimi baş tutdu. PAŞA Holding-in təşəbbüsü və “Plug and Play” ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbir Avropanın innovasiya ekosistemi ilə Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və digər sürətlə inkişaf edən innovasiya bazarları arasında fikir mübadiləsi, yeni əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynadı.
“INMerge Berlin “INMerge” İnnovasiya Sammitinin inkişafında mühüm mərhələdir. “INMerge”-i ilk dəfə Avropaya gətirməklə biz müzakirələri regional sərhədlərdən kənara çıxarır və Avropa, Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və inkişaf etməkdə olan innovasiya bazarları arasında daha güclü körpü yaradırıq. Bu tədbir texnologiya və sahibkarlığın gələcəyinə töhfə verə biləcək ideyalar ətrafında təsisçiləri, investorları, korporativ liderləri və ekosistem nümayəndələrini bir araya gətirmək istiqamətində olan öhdəliyimizi əks etdirir”, - deyə PAŞA Maliyyə Holding-nin baş icraçı direktoru Fərid Məmmədov bildirib.


