"Push30" abunəçini saxtakarlıqda ittiham etdi, məsələ böyüdü - ŞİKAYƏT

"Push30" abunəçini saxtakarlıqda ittiham etdi, məsələ böyüdü

Azərbaycanda minlərlə istifadəçisi olan məşhur "Push30" idman platforması müştəri narazılığı ilə üzləşib. Redaksiyamıza müraciət edən vətəndaş şirkətin heç bir maddi sübut olmadan onu saxtakarlıqda ittiham etdiyini, hesabını bloklayaraq ödənişini mənimsədiyini iddia edir.

Şikayətçi Modern.az-a bildirib ki, platformanın ödənişini tam yerinə yetirmiş aktiv abunəçisi olsa da, bu günlərdə hesabı əsassız şəkildə dondurulub:

"Səbəb kimi mənə bildirirlər ki, guya mənim əvəzimdən zala qızım daxil olub. Gülünc və absurd olan isə budur ki, qızımın rəsmi olaraq öz adına aktiv fitness kartı var. Öz kartı olan bir insan niyə başqasının hesabı ilə zala girməlidir? Biz qızımla birgə gedirik, o öz kartını istifadə edir, mən isə "Push30" tətbiqi ilə keçirəm. Ortada heç bir kamera görüntüsü, heç bir maddi sübut yoxdur. Sadəcə oturub özlərindən bir şər-böhtan ssenarisi uydurublar".

Vətəndaşın sözlərinə görə, şirkət rəhbərliyi nə hesabı yenidən aktivləşdirir, nə də istifadə edilməyən günlərin pulunu geri qaytarır. Müştəri xidmətlərinin yalnız standart robot cavabları verməsini "özbaşınalıq" adlandıran şikayətçi, şirkətin indi də dövlətin rəsmi rəqəmsal tətbiqini hədəf aldığını vurğulayıb:

"Yalandan iddia edirlər ki, "SİMA" rəqəmsal imza tətbiqində qızınızın şəkli ilə təsdiqlənmə olub. Absurd, utopik yanaşmaları ilə indi də rəsmi "SİMA" tətbiqetməsini səhv çıxarmağa çalışırlar".

Şikayətçi vətəndaş hüquqlarının qorunması, həmçinin ödənilən vəsaitin mənimsənilməsinin qarşısını almaq məqsədilə artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, eləcə də ödəniş etdiyi banka rəsmi müraciət ünvanlandığını qeyd edib.

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq "Push30" şirkətindən konkret izahat verilməkdən imtina edilib:

"Biz media orqanına bununla bağlı hər hansı məlumat verə bilmərik. Vətəndaş özü bizə müraciət etsin, araşdırıb ona rəsmi cavab göndərərik".