Ağdam Sənaye Parkı və yeni iqtisadi imkanlar 

Ağdam Sənaye Parkı və yeni iqtisadi imkanlar 

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu əsas strateji hədəflərdən biridir. Bu istiqamətdə Ağdam rayonu öz coğrafi mövqeyi, resursları və sənaye imkanları ilə xüsusi əhəmiyyət daşıyır.

20 Noyabr – Ağdam şəhəri günü münasibətilə bölgədə həyata keçirilən iqtisadi layihələrin təhlili Azərbaycanın quruculuq siyasətinin miqyasını aydın göstərir. Uzun illər işğal altında qalmış Ağdamın iqtisadi infrastrukturu dağıdılmış, istehsal müəssisələri fəaliyyətini dayandırmış və əhalinin ənənəvi məşğulluq imkanları məhdudlaşdırılmışdı. Bu vəziyyətin aradan qaldırılması üçün dövlət tərəfindən kompleks iqtisadi inkişaf tədbirləri həyata keçirilməyə başlanılmışdır. Ağdam Sənaye Parkının yaradılması həmin siyasətin ən mühüm istiqamətlərindən biridir. 2021-ci ildə təsis edilən sənaye parkı 190 hektar ərazini əhatə edir və bölgənin sənaye potensialının inkişafına xidmət edir. Burada müxtəlif istehsal müəssisələrinin yaradılması yerli iqtisadiyyatın şaxələndirilməsi üçün yeni imkanlar formalaşdırır. Sənaye Parkının fəaliyyəti yerli və xarici investorların bölgəyə marağının artmasına da müsbət təsir göstərir. İstehsal müəssisələrinin açılması yeni iş yerlərinin yaradılmasına və əhalinin iqtisadi fəallığının yüksəlməsinə şərait yaradır.

Metal məmulatları, elektrik dirəkləri, ortopedik döşəklər və digər məhsulların istehsalı Ağdamda sənaye istiqamətlərinin genişləndiyini göstərir. Bu müəssisələrin fəaliyyəti daxili bazarın yerli məhsullarla təmin olunmasına və idxaldan asılılığın müəyyən dərəcədə azaldılmasına töhfə verə bilər. Eyni zamanda, sənaye infrastrukturunun inkişafı kiçik və orta sahibkarlığın formalaşmasını stimullaşdırır. Ağdamın nəqliyyat imkanlarının genişləndirilməsi də iqtisadi inkişaf üçün mühüm üstünlük yaradır. Bərdə–Ağdam avtomobil yolu və dəmir yolu infrastrukturu istehsal olunan məhsulların daşınmasını və bazarlara çıxışını asanlaşdırır. Turizm sektorunun inkişafı isə bölgədə xidmət sahələrinin və əlavə məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır. Ağdamda yeni hotel komplekslərinin istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin nəticəsidir.

Bununla belə, iqtisadi dirçəlişin uzunmüddətli uğuru investisiyaların səmərəli istifadəsindən, kadr potensialının hazırlanmasından və istehsalın rəqabət qabiliyyətinin artırılmasından asılıdır. Ağdamda formalaşdırılan yeni iqtisadi mühit bölgənin Azərbaycanın ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyasını təmin edir. Beləliklə, Ağdam Sənaye Parkı və digər iqtisadi layihələr Qarabağın dirçəlişinin mühüm dayaqlarından biri olmaqla, ölkəmizin davamlı inkişafına strateji töhfə verir.

Səidə Rzayeva
Neftçala rayonu