Qərbi Azərbaycan İcmasında Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi qəbul edilib

Qərbi Azərbaycan İcmasında Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi qəbul edilib

Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community Türk dünyasını təmsil edən beynəlxalq qurumların nümayəndələri ilə görüş keçirilib. 
 
Görüşdə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti iştirak edib. Qonaqları İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və İcma Aparatında şöbə müdiri Faiq Kərimov qarşılayıblar.
 
Görüşdə Qərbi azərbaycanlıların tarixi yurdlarından zorla deportasiya olunması, onların və nəsillərinin doğma torpaqlarına qayıdış hüququ, bu prosesin beynəlxalq hüquq çərçivəsində tanıdılması, eləcə də Türk dünyasında hüquqi əməkdaşlıq və mediasiya mexanizmlərinin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov çıxışında bildirib ki, Qərbi Azərbaycan məsələsi ayrı-ayrı şəxslərin deyil, bütövlükdə Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizlikdir. O qeyd edib ki, əsrlər və onilliklər boyu doğma torpaqlarından mərhələli şəkildə deportasiya olunmuş Qərbi azərbaycanlıların qayıdışı İcmanın əsas məqsədidir və bu qayıdış yalnız sülh, hüquq və beynəlxalq normalar çərçivəsində həyata keçirilməlidir. Vahid Novruzov vurğulayıb ki, dövlət tərəfindən təsdiqlənmiş Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu fəaliyyətin əsas istiqamətini müəyyən edir.
 
Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı çıxışında Qərbi azərbaycanlıların XX əsr ərzində bir neçə dəfə – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə kütləvi deportasiyalara məruz qaldığını diqqətə çatdırıb. O bildirib ki, bu deportasiyalar nəticəsində bu gün Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmayıb və bu fakt etnik təmizləmə kimi qiymətləndirilməlidir. Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi azərbaycanlıların öz ata-baba məzarlarını ziyarət edə bilməməsi, tarixi-mədəni irsdən məhrum edilməsi ciddi insan hüquqları pozuntusudur və beynəlxalq müstəvidə gündəmə gətirilməlidir.
 
Görüşdə çıxış edən Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri Yakup Erikel Türk dünyasında sülhün və ədalətin təmin olunmasında mediasiya institutunun əhəmiyyətindən danışıb. O bildirib ki, Türk dünyasında formalaşan bu yeni hüquqi əməkdaşlıq modeli tərəflər arasında düşmənçilik yaratmadan, mübahisələri sülh yolu ilə həll etməyə xidmət edir. Yakup Erikel vurğulayıb ki, bu yanaşma türk-islam hüquq və mədəniyyət ənənələrinə əsaslanır və müasir beynəlxalq hüquqla uzlaşdırılaraq tətbiq olunur.
 
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov isə çıxışında Azərbaycanın mediasiya sahəsində formalaşdırdığı hüquqi bazanın Türk dünyası üçün nümunə ola biləcəyini bildirib. O qeyd edib ki, Azərbaycan bu sahədə əldə etdiyi təcrübəni dost və qardaş ölkələrlə bölüşməyə, beynəlxalq platformalarda hüquqi dialoqu gücləndirməyə hazırdır.
Görüş zamanı Qərbi Azərbaycan məsələsinin yalnız tarixi deyil, eyni zamanda aktual insan hüquqları problemi olduğu vurğulanıb, bu məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının vacibliyi qeyd edilib.
 
Sonda Qərbi Azərbaycan İcması adından qonaqlara xatirə hədiyyələri təqdim olunub, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi bildirilib.