Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşdü

Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşdü

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib.

Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. 

Görüşdə iki ölkə arasında bitki sağlamlığı sahəsində birgə fəaliyyət, o cümlədən zərərli orqanizmlərin erkən aşkarlanması məqsədilə süni intellekt, uzaqdan müşahidə və GIS (Geographic Information System) xəritələşmə texnologiyalarının tətbiqi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Həmçinin pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi və tətbiqi proseslərinin təkmilləşdirilməsi məqsədilə Latviya təcrübəsinin öyrənilməsi, o cümlədən pestisidlərin insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə Avropa İttifaqının risk əsaslı yanaşmalarının tətbiqinə dair metodoloji dəstəyin əldə edilməsi məsələləri müzakirə olunub. 
Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.