Çin xarici valyuta üzrə məcburi ehtiyat normasını 6 faizə qaldırır

Çin Xalq Bankının qərarı noyabrın 15-dən qüvvəyə minəcək. Bu, xarici valyuta üzrə məcburi ehtiyat normasının 2021-ci ildən bəri ilk artırılmasıdır.

Çin xarici valyuta üzrə məcburi ehtiyat normasını 6 faizə qaldırır
Foto: Anadolu Agentliyi

Çin Xalq Bankı maliyyə institutları üçün xarici valyuta üzrə məcburi ehtiyat normasını noyabrın 15-dən 4 faizdən 6 faizə yüksəldəcəyini açıqlayıb. Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Bankın məlumatına görə, 2 faiz bəndi artım yuanın bahalaşma təzyiqini azaltmağa yönəlib. Makroprudensial tədbir xarici valyutanın, əsasən də ABŞ dollarının likvidliyini məhdudlaşdırmaq məqsədi daşıyır.

Məcburi ehtiyat norması maliyyə institutlarının xarici valyutada cəlb etdiyi əmanətlərin hansı hissəsini mərkəzi bankda saxlamalı olduğunu müəyyən edir. Normanın artırılması ilə bu pay 6 faizə çatacaq.

Çin yuanı 2026-cı ilin ilk doqquz ayında ABŞ dollarına qarşı 4,2 faiz bahalaşıb. Oktyabrın 14-dən başlayaraq isə ofşor ticarətdə 14 gün ardıcıl yüksəlib.

Bu, Çin Xalq Bankının xarici valyuta üzrə məcburi ehtiyat normasını 2021-ci ildən bəri ilk dəfə artırmasıdır. Norma 2021-ci ildə iki dəfə artırılaraq 9 faizə çatdırılmış, 2022 və 2023-cü illərdə üç dəfə azaldılaraq 4 faizə endirilmişdi.