Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud çətinliklərin yerindəcə öyrənilməsi məqsədilə növbəti səyyar qəbulunu Aşağı Əylis kəndində keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetlərindən biri regionların davamlı inkişafının təmin olunması, vətəndaş rifahının yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və müraciətlərin yerində həllidir. İcra başçısı, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının regionda müasir infrastrukturun qurulması və hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, bu çərçivədə Ordubad rayonunda şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin yaxşılaşdırılması, kənd təsərrüfatının intensivliyinin artırılması, sahibkarlığın inkişafı, yeni istehsal sahələrinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi, turizmin inkişafı, tarix-mədəniyyət abidələrinin qorunması və bərpası, əhalinin rifahının yüksəldilməsi prioritet istiqamətlərdir. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Yuxarı və Aşağı Əylis kəndlərində içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur. Bildirilib ki, Zəngəzur dəhlizinin açılması regionun investisiya cəlbediciliyini artırmaqla, yeni infrastruktur layihələrinin icrasına, sahibkarlığın genişlənməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə birbaşa təsir göstərəcəkdir.
Daha sonra sakinlər tərəfindən səsləndirilən mərasim evinin tikintisi, kəhrizlərin lil və daşlardan təmizlənməsi, suvarma suyu xəttində təmir işlərinin aparılması, məşğulluq, kənd ərazisində su arxlarının təmizlənməsi və s. məsələlərlə bağlı qaldırılan müraciət və təkliflərin bir qismi yerindəcə həll edilib. Araşdırma tələb edən digər müraciətlərin qanunvericilik çərçivəsində operativ şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də rayonun inkişafı istiqamətində görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.