Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud problemlərin operativ həlli məqsədilə növbəti səyyar qəbulunu 09 yanvar 2026-cı il tarixində Baş Dizə kəndində keçirib.
Qəbulda icra hakimiyyətinin məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Çıxış edən İcra başçısı, ölkə rəhbərliyi tərəfindən regionların sosial-iqtisadi inkişafına göstərilən diqqətdən danışıb, eləcə də “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən işlər barədə məlumat verib. O, şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı, tarix-mədəniyyət abidələrinin bərpası, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının artırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib. İçməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, bələdiyyəyə məxsus torpaq sahələrinin hərrac yolu ilə alınması, yaşayış sahəsində qaz və elektrik sayğaclarının qurulması, sosial müdafiə və məşğulluqla bağlı qaldırılan məsələlərin bir qisminin yerindəcə həll olunması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Araşdırma tələb edən digər müraciətlər isə icra hakimiyyətinin nəzarətinə götürülüb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bu cür səyyar görüşlərin problemlərin vaxtında müəyyən edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.