Rövşən Abdullaoğlu Masallıda kitabsevərlərlə görüşüb - FOTOLAR
Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlu Masallıda kitab sərgisində iştirak edib.
Bu barədə Rövşən Abdullaoğlu öz sosial media hesabında məlumat verib.
"Oxucularla bu dəfə Masallıda kitab sərgisində görüşdük. Səmimi söhbətlər və ardınca baş tutan imza mərasimi tədbirə fərqli rəng qatdı. İlk dəfə keçirilməsinə baxmayaraq, təşkilatçılıq və iştirak həqiqətən diqqətəlayiq idi — müəllimlər, tələbələr, ziyalılar və yüzlərlə kitabsevər bir araya gəlmişdi.
Uzun zamandır müşahidə etdiyim bir məqam var: bu cür tədbirlərin arxasında, adətən, ən azı bir kitabsevər, mütaliə adamı dayanır. Kimsə bu cür tədbiri sırf vəzifə tələbi ilə etmir.
Bu dəfə də istisna olmadı. Tədbirin təşkilində kitabı sevən, ona dəyər verən insanların səmimi zəhməti aydın hiss olunurdu. Şəxsən tanış olanda buna bir daha əmin oldum. Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz müəllim, Regional Təhsil İdarəsinin sektor müdiri Elman müəllim, Masallı Regional Kollecinin direktoru Rövşən müəllim və “Secret” Karyera və İnkişaf Mərkəzinin rəhbəri Cavid müəllim — hər birinin ədəbiyyata bağlılığı məni sevindirdi. Bu layihənin həyata keçməsi üçün çəkdikləri zəhmətləri, keçirdikləri həyəcanı, hətta həftəsonuna yağış gözlənildiyi üçün necə narahat olduqlarını danışanda bir daha əmin oldum ki, bu iş sevgisiz alınmır. Təbiət də bu sevgini gözəl günəşli yaz havası ilə mükafatlandırmışdı.
Bu kitab sərgisinin bir ənənəyə çevrilərək hər il keçiriləcəyinə inanıram.
Masallı oxucularına və tədbirdə iştirak edən bütün kitabsevərlərə ayrıca minnətdaram".



