“Şagirdlərin həyati bacarıqlarını inkişaf proqramı” qrant layihəsi icra edilir

“Şagirdlərin həyati bacarıqlarını inkişaf proqramı” qrant layihəsi icra edilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Şagirdlərin həyati bacarıqlarını inkişaf proqramı” qrant layihəsi çərçivəsində təlimlər davam edir.

Layihənin əsas məqsədi ibtidai sinif şagirdlərinin ünsiyyət, liderlik, komandada işləmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməklə onların sosial və emosional adaptasiya qabiliyyətlərini gücləndirmək, həmçinin həyati bacarıqlara yiyələnmələrinə şərait yaratmaqdır.

Təlimlər Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi Zamin Məmmədov tərəfindən xüsusi yaş qruplarına uyğun hazırlanmış proqram əsasında keçirilir. 16 təlimdən ibarət olan proqram yekunlaşdıqdan sonra ibtidai sinif şagirdləri üçün əldə etdikləri bilik və bacarıqları əyani şəkildə tətbiq etmələri məqsədilə 2 günlük düşərgə də keçiriləcək. Düşərgə müddətində şagirdlər təlimlər zamanı qazandıqları bilik və bacarıqları praktik fəaliyyətlər vasitəsilə daha dərindən mənimsəyəcəklər.

Qeyd edək ki, “Şagirdlərin həyati bacarıqlarını inkişaf proqramı” layihəsi Ağstafa rayonunun Həsənsu kəndində yerləşən A. Mustafayev adına tam orta ümumtəhsil məktəbinin müəllimi Könül Hüseynova tərəfindən icra olunur.