SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə “Education in Azerbaijan” MMC (“Study in Azerbaijan” layihəsi) arasında agentlik müqaviləsi imzalanıb.
Müqavilə BANM-in rektoru Elmar Qasımov və “Education in Azerbaijan” MMC-nin direktoru Şəbnəm Səfərova tərəfindən imzalanıb.
Sənəd BANM-ə əcnəbi tələbələrin cəlb edilməsi üzrə xidmətlərin göstərilməsini, bu istiqamətdə institusional əməkdaşlığın qurulmasını, eləcə də universitetin beynəlxalq təmsilçiliyinə dəstəyi nəzərdə tutur. Müqavilə çərçivəsində BANM-in beynəlxalq təhsil platformalarında “Study in Azerbaijan” vasitəsilə sistemli şəkildə təqdim edilməsi planlaşdırılır.
Müqavilənin əhəmiyyətini vurğulayan rektor Elmar Qasımov qeyd edib ki, bu əməkdaşlıq BANM-in strateji inkişaf planında əsas prioritetlərdən biri olan xarici tələbələrin sayının artırılmasına, eləcə də universitetin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
“Education in Azerbaijan” MMC-nin direktoru Şəbnəm Səfərova çıxışında bildirib ki, BANM ilə qurulan bu əməkdaşlıq Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Study in Azerbaijan” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən dövlət–özəl tərəfdaşlığı modeli əsasında formalaşdırılmış milli platformadır. Layihə SABAH HUB ilə birgə icra olunur və Azərbaycanın ali təhsil imkanlarının vahid brend altında beynəlxalq səviyyədə təşviqini, əcnəbi tələbələr üçün məlumatlandırma və dəstək mexanizmlərinin qurulmasını hədəfləyir.
İmzalanma mərasimində SABAH HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlı, Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, “Education in Azerbaijan” MMC-nin tələbələrlə iş üzrə koordinatoru Aydan Niftullazadə, eləcə də BANM-in prorektorları və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.