Bank borclarını yığan şirkət özünə şərik axtarır
“AllAllFinance” 205 min manatlıq səhm buraxır.
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AllAllFinance” ASC-nin səhmlərinin ticarətə buraxılmasına icazə verilib.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 410 manat olan 500 ədəd adi, sənədsiz, adlı səhm yerləşdiriləcək. Emissiyanın ümumi həcmi 205 min manat təşkil edir.
Səhmlər üzrə abunə yazılışı noyabrın 25-də başlayacaq və dekabrın 4-də başa çatacaq. Səhmlərin yerləşdirilməsi dekabrın 7-də həyata keçiriləcək.
Emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, “AllAllFinance” ASC 2024-cü il sentyabrın 10-da dövlət qeydiyyatına alınıb. Şirkət banklardan və digər maliyyə institutlarından problemli kredit portfellərinin alınması, borcların yığılması və debitor borclarının idarə edilməsi sahəsində fəaliyyət göstərir.
Şirkətin səhmdarları Mədəd Rüstəmov (40%), Camal Aydınov (40%) və Rəşad Səlimovdur (20%). Eyni şəxslər “KollektA” ASC-nin də analoji pay bölgüsü ilə səhmdarlarıdır.
Emissiya tam yerləşdirilərsə, şirkətin nizamnamə kapitalı 51 dəfə artaraq 4,1 min manatdan 209,1 min manata çatacaq.
2026-cı ilin ilk yarısında şirkətin xalis mənfəəti 14% artaraq 3,22 milyon manat, aktivləri isə 111,3% artaraq 13,41 milyon manat təşkil edib.


