Ulu Öndər və Azərbaycan mətbuatı

Ulu Öndər və Azərbaycan mətbuatı

Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır. Əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulmuş mətbuatımız ötən dövrdə enişli-yoxuşlu inkişaf dövrü yaşamış, mütün çətinlik və məhrumiyyətlərə baxmayaq ayaqda durmağı bacarmış, inkişaf etmişdir. Azərbaycan mətbuatı ötən əsrin sonlarında, daha dəqiq desək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra özünün yeni inkişaf yoluna qədəm qoydu.

Ümummilli lider Heydər Əliyev hər zaman mətbuat işçilərinə hörmətlə yanaşmış, onlara zaman-zaman lazımı köməkliklər edərək, onların zəhmətlərini qiymətləndirmişdir. Dahi lider bir çox sahədə minlərlə peşəkar kadrların yetişməsi üçün hər cür şərait yaratmışdır.

Amma jurnalistlər üçünsə məhz Milli liderlə görüş, müsahibə peşəkarlığı formalaşdıran əsas amil olub. Çünki bir çox sahəyə incəliklərinədək bələd olan Heydər Əliyev jurnalist peşəsinin xüsusiyyətlərindən də xəbərdar idi. Elə buna görə də o, hər zaman jurnalistlərin ən çox sevdiyi müsahib olub. Ümummilli Lider Heydər Əliyev bir çox sahələrdə olduğu kimi Azərbaycanın informasiya və mətbuat sektorunun inkişafına da böyük önəm vermiş, bu sahədə bir çox islahatlar həyata keçirmişdir.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrdə mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi və informasiya texnologiyalarının inkişafı istiqamətində çox ciddi addımlar atıldı. Məhz bu tədbirlər milli mətbuatın müasir səviyyəyə çatmasına və beynəlxalq arenada tanınmasına şərait yaratdı. Müstəqilliyini yenicə bərpa etmiş, çətin sınaqlarla üz-üzə qalmış Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər qarşıda duran ən mühüm vəzifələrə rəğmən mətbuat sahəsini də xüsusi diqqətdə saxlamış, bu sahənin azad fəaliyyət göstərməsi üçün hüquqi və institusional baza yaradılmasına nail olmuşdu. Jurnalistlərin hüquqlarının müdafiəsi və onların peşəkar fəaliyyətini sərbəst şəkildə icra edə bilməsi üçün müxtəlif qanunvericilik aktları qəbul edilmiş, jurnalistlərin təhlükəsizliyini və hüquqlarının qorunmasını önə çəkilmişdir.

Heydər Əliyev media plüralizminin və çoxsəsliliyinin təmin olunmasına böyük əhəmiyyət verir, müxtəlif fikir və baxışların sərbəst şəkildə ifadə olunması üçün media sahəsində əlverişli şərait yaradırdı.

Məhz aparılan uğurlu siyasi kurs sayəsində Azərbaycan mətbuatı beynəlxalq arenada tanınmağa başlamış, ölkənin imici möhkəmləndirilmişdir. Heydər Əliyevin milli mətbuatın inkişafına verdiyi töhfələr, onun ölkənin informasiya və mətbuat sektorunun inkişafına olan dəstəyinin bariz təzahürüdür. Əminliklə deyə bilərik ki, həyata keçirilən tədbirlər milli mətbuatın inkişafında və müasir dövrün tələblərinə cavab verməsində həlledici rol oynamışdır. Bu siyasətin davamı olaraq bu gün də cənab İlham Əliyev mətbuat işçilərinə xüsusi rəğbətlə yanaşaraq, onların peşələrinə olan sevgisini yüksək səviyyədə qiymətləndirir. Jurnalistlər hər zaman üzərlərində dövlət dəstəyini ən yüksək formada hiss edirlər. 

Alim Əliyev;
Neftçala rayonu