Vədiyə Ələkbərzadə yüksək vəzifəyə təyin edilib

Vədiyə Ələkbərzadə yüksək vəzifəyə təyin edilib

20 ildən artıqdır Azərbaycanın özəl səhiyyə sektorunda fəaliyyət göstərən aparıcı qurumlardan biri olan SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib. Şəbəkənin İdarəçi Direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.
 
O, Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb, həmin universitetin Hüquq fakültəsində magistratura pilləsini fərqlənmə ilə başa vurub, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini fərqlənmə ilə bitirib, hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqatlar aparır, yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələrin müəllifidir və bu istiqamət üzrə doktorantura təhsili alır.
 
V.Ələkbərzadə indiyə qədər dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb, hüquq və idarəetmə sahəsində geniş peşəkar təcrübə qazanıb. O, eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədridir və bu çərçivədə səhiyyə xidmətlərinin hüquqi təhlükəsizliyinin təmin edilməsi, pasiyent və həkim hüquqlarının qorunması, habelə tibbi praktikada etik standartların tətbiqi istiqamətində təşəbbüslər həyata keçirir, bununla yanaşı, BDU-nun Hüquq fakültəsinin İnsan Hüquqları və İnformasiya hüququ UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir, tibb hüququ, elektron dövlət və insan hüquqları üzrə mühazirələr aparır.
 
Bu təyinata qədər V.Ələkbərzadə SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsində direktor müavini vəzifəsində çalışıb, institusional idarəetmənin gücləndirilməsi, nəzarət mexanizmlərinin formalaşdırılması, eləcə də proseslərin sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətində bir sıra layihələrə rəhbərlik edib. Yeni təyinat şəbəkənin dayanıqlı inkişaf strategiyasının təkmilləşdirilməsi, idarəetmədə çevikliyin artırılması və kadr siyasətinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.