WUF13 günlərində Bakı dünyanın şəhərsalma paytaxtına çevrilib - RƏY
2026-cı ilin 17–22 may tarixlərində Bakı dünyanın ən mühüm urbanizasiya platformalarından biri olan World Urban Forum 13-ə (WUF13) ev sahibliyi edir. BMT-nin İnsan Məskənləri Proqramı — UN-Habitat tərəfindən təşkil olunan forum şəhərsalma, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı qlobal müzakirələrin əsas mərkəzi hesab olunur. WUF-un Azərbaycanda keçirilməsi həm region, həm də ölkənin beynəlxalq nüfuzu baxımından mühüm hadisə sayılır.
Forumda 160-dan çox ölkədən on minlərlə iştirakçı iştirak edir. Buraya dövlət rəsmiləri, şəhər merləri, urbanistlər, memarlar, investorlar, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələri daxildir. Tədbir Bakının beynəlxalq tədbirlər mərkəzi kimi mövqeyini daha da gücləndirir.
WUF13 çərçivəsində keçirilən sessiyalarda bir sıra aktual mövzular müzakirə olunur. Əsas istiqamətlər arasında əlçatan mənzil siyasəti, ağıllı şəhərlər, yaşıl nəqliyyat, şəhər mobilliyi, enerji səmərəliliyi, iqlim dayanıqlılığı və sosial inklüzivlik xüsusi yer tutur. Həmçinin qeyri-formal yaşayış məntəqələrinin inkişafı, şəhərlərdə rəqəmsal transformasiya və gənclərin urban siyasətdə rolu da forumun əsas müzakirə mövzularındandır.
Forum yalnız siyasi və akademik platforma deyil, həm də innovasiya və biznes imkanları yaradan tədbir kimi diqqət çəkir. Müxtəlif ölkələrin şirkətləri və startapları öz texnologiyalarını, “smart city” həllərini və urban innovasiya layihələrini təqdim edirlər. Bu, yeni tərəfdaşlıqlar və investisiya imkanları baxımından da əhəmiyyətlidir.
WUF13 Bakının beynəlxalq urban inkişaf gündəmində mühüm yer tutduğunu nümayiş etdirir. Forum çərçivəsində aparılan müzakirələr və təqdim olunan təşəbbüslər gələcək şəhərlərin daha təhlükəsiz, yaşıl və insan yönümlü şəkildə qurulmasına töhfə verməyi hədəfləyir.
FaktorNews xəbər portalının Təsisçisi və Baş Redaktoru
Aslan Abbaszadə


