Yeni Klinikada qanvermə aksiyası keçirilib - FOTOLAR
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində, Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü və Yeni Klinikanın təşkilatçılığı ilə könüllü qanvermə aksiyası həyata keçirilib.
Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən pasiyentlərə dəstək göstərmək, onların müalicə prosesinə töhfə vermək və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini təşviq etmək olub.
Aksiya zamanı Yeni Klinikada fəaliyyət göstərən tibb və qeyri-tibb heyəti fəal şəkildə iştirak ediblər.
Donorlar ilkin olaraq Respublika Qan Bankının ixtisaslaşmış həkim briqadası tərəfindən tibbi müayinədən keçirilib, onların sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra qanvermə prosesi həyata keçirilib.
Qeyd edək ki, mütəmadi qan köçürülməsinə ehtiyacı olan pasiyentlər üçün hər bir donorun verdiyi qan həyatın qorunmasında əvəzsiz rol oynayır. Bu kimi təşəbbüslərin davamlı şəkildə reallaşdırılması cəmiyyətin sağlamlıq rifahına mühüm töhfə verir.


