Yeni Klinikada Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
TƏBİB və Pasiyent Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində Yeni Klinikada Ümumdünya Xəstələr Gününə həsr olunmuş “Bir ümidə işıq ol” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi səhiyyədə insan mərkəzli yanaşmanın təşviqi, pasiyentlərə mənəvi dəstəyin əhəmiyyətinin vurğulanması, həkim-pasiyent münasibətlərində empatiya və psixoloji dəstəyin roluna diqqətin artırılması olub. Konsept çərçivəsində xəstələrin sağalma yolunda qarşılaşdıqları emosional və sosial çətinliklər ön plana çıxarılıb.
Tədbir zamanı xroniki xəstəliklərlə mübarizə aparan və müalicə prosesini uğurla başa vuran pasiyentlərin real həyat hekayələri təqdim olunub. Onların təcrübələri mütəxəssislərin iştirakı ilə geniş müzakirə edilib. Pasiyentlərin fəal iştirakının təmin olunması məqsədilə bir sıra ictimai birliklərlə əməkdaşlıq həyata keçirilib.
Tədbirdə TƏBİB və müvafiq dövlət qurumlarının nümayəndələri, ictimai birlik rəhbərləri, ixtisaslaşmış həkimlər, psixoloqlar, pasiyentlər iştirak ediblər.
Açılış hissəsində çıxış edən TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, Ümumdünya Xəstələr Günü insan sağlamlığının əhəmiyyətini bir daha xatırladan xüsusi gündür. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən səhiyyə sahəsi milli inkişafın əsas şərti və cəmiyyətin rifahının başlıca göstəricisi kimi müəyyənləşdirilib. N.Mustafayeva vurğulayıb ki, səhiyyə işçilərinin missiyası yalnız müalicə ilə məhdudlaşmır, eyni zamanda mərhəmət, diqqət və qayğı göstərməkdən ibarətdir. O əlavə edib ki, TƏBİB-in əsas prioriteti hər bir vətəndaşı keyfiyyətli, əlçatan və təhlükəsiz tibbi xidmətlə təmin etməkdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov çıxışında bildirib ki, 1992-ci ildə təsis olunan Ümumdünya Xəstələr Günü 1993-cü ildən etibarən hər il ölkəmizdə qeyd olunur. Onun sözlərinə görə, əsas məqsəd yalnız müalicəvi xidmət göstərmək deyil, həm də pasiyentlərə mənəvi dayaq olmaqdır. B.Məmmədov qeyd edib ki, səhiyyə islahatlarının mühüm tərkib hissəsi olan icbari tibbi sığorta bu gün bütün vətəndaşlar üçün ümid işığına çevrilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində artıq meyitdən ürək, eləcə də qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatlarının həyata keçirildiyini və Azərbaycan Respublikasının hər bir vətəndaşının bu xidmətlərdən yararlana bildiyini diqqətə çatdırıb.
Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva bildirib ki, müasir tibbi yanaşmalar sayəsində bir müayinə metodu vasitəsilə bir neçə xəstəliyin diaqnostikası mümkündür. O, Azərbaycan səhiyyəsinin iki müharibə və bir pandemiya dövründən keçməsinə baxmayaraq, müasir tibbin tələblərinə cavab verən sistemin formalaşdığını vurğulayıb. G.Nuriyeva qeyd edib ki, səhiyyə işçiləri hər gün daha sistemli və effektiv xidmət göstərmək üçün çalışırlar və bütün xəstələrə şəfa arzulayıb.
Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirib ki, ittifaqın əsas məqsədi dövlət səhiyyə qurumları ilə birgə müxtəlif ağır xəstəliklərin keyfiyyətli müalicəsinə nail olmaqdır və bu istiqamətdə davamlı iş aparılır. O qeyd edib ki, səhiyyə sahəsi hər gün inkişaf edir. Ayaz Hüseynov vurğulayıb ki, əsas məsələlərdən biri regionlarda dərman preparatlarına əlçatanlığın tam təmin edilməsidir və bu problemin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Tədbir çərçivəsində “Sağalma yolu: real hekayələr, real təcrübə” mövzusunda panel diskussiyası təşkil olunub. Müxtəlif xəstəliklərdən sağalmış pasiyentlər öz həyat hekayələrini bölüşüb, panelə həkim-psixiatr Gülay Məmmədzadə moderatorluq edib.
Tədbir çərçivəsində müxtəlif xəstəliklərdən sağalmış və ya xəstəliyi nəzarətdə saxlayan şəxslər çıxış edərək müalicə prosesində həkim dəstəyi, dövlət təminatı və ictimai birliklərin rolunu xüsusi qeyd ediblər. Qeyd olunub ki, leykemiya, şəkərli diabet, hemofiliya və digər xroniki xəstəliklərlə mübarizə aparan pasiyentlərin hekayələri göstərir ki, xəstəlik həyatın bir hissəsi ola bilər, lakin onun bütünü deyil. Bildirilib ki, erkən diaqnostika, düzgün terapiya və psixoloji dəstək xəstələrin həyata adaptasiyasında mühüm əhəmiyyət daşıyır, birlik və insan dəstəyi isə ən çətin diaqnozu belə ümidə çevirə bilər.
Eyni zamanda tibb müəssisələrində xəstəyə qayğı və təhlükəsizliyin təmin olunması, hematoloji xəstəliklərdə erkən diaqnostikanın həyat keyfiyyətinə təsiri mövzularında mütəxəssis təqdimatları keçirilib.
“Bir ümidə işıq ol” tədbiri pasiyentlərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların səsini daha geniş auditoriyaya çatdırmaq və səhiyyə sistemində humanist yanaşmanın gücləndirilməsinə töhfə vermək məqsədinə xidmət edib.


