5 yerli şirkət “AIREX 2026” sərgisində vahid stendlə təmsil olunur
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə beş yerli şirkət daşınmaz əmlak sərgisində xidmət və layihələrini təqdim edir. Sərgi noyabrın 6-dək davam edəcək.
Tikinti və daşınmaz əmlak sahəsində çalışan 5 yerli şirkət “AIREX 2026” sərgisində xidmət və layihələrini vahid stenddə təqdim edir. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində yerli şirkətlərin iştirakı İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunub. Ziyarətçilərə şirkətlərin fəaliyyət istiqamətləri və layihələri, eləcə də memarlıq və tikinti həlləri barədə məlumat verilir.
Vahid stenddə işgüzar əlaqələrin qurulması və potensial tərəfdaşlarla danışıqların aparılması üçün görüş zonası da yaradılıb. Burada sərgi iştirakçıları şirkətlərin təqdim etdiyi xidmətlərlə tanış ola bilirlər.
İlk dəfə təşkil olunan “AIREX 2026” sərgisi daşınmaz əmlak, investisiya, tikinti və şəhərsalma sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri, investorları və dövlət qurumlarını bir araya gətirib. Sərgi noyabrın 6-dək davam edəcək.


