“Airbus” Çində istehsalını genişləndirir

“Airbus” Çində istehsalını genişləndirir

“Airbus” korporasiyasının Çinin Tiencin şəhərindəki ikinci istehsal xəttinin təməli qoyulub.

Yeni istehsal xətti Çin bazarında payını genişləndirməyi hədəfləyən “Airbus”un apreldə “Çin mülki aviasiya sənayesi korporasiyası” və Tiencin azad ticarət zonası ilə imzaladığı sənədə əsasən inşa olunur. 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan istehsal xəttində darfüzelajlı “A320” və “A321neo” tipli təyyarələr yığılacaq.

Qeyd edək ki, “Airbus”un Tiencin şəhərindəki ilk istehsal xətti 2008-ci ildə istifadəyə verilib. Ötən müddətdə Tiencində 650 darfüzelajlı təyyarə yığılaraq sifarişçilərə çatdırılıb. Çin şirkətlərinin istifadəsində olan “Airbus” təyyarələrinin 30 faizi məhz Tiencində yığılan təyyarələrdir. Hazırda şirkətin Tiencindən başqa, Tuluzada (Fransa) 2, Hamburqda (Almaniya) 4 və Alabamada (ABŞ) 2 istehsal xətti var. Şirkət 2026-cı ildə dünya üzrə “A320” ailəsindən ayda 75 ədəd təyyarə istehsal etməyi hədəfləyib.

Ötən il Çinin 3 əsas aviasiya şirkəti – “China Southern Airlines”, “China Eastern Airlines” və “Air China” ümumi dəyəri 37 milyard ABŞ dolları olan 292 ədəd “Airbus A320neo” təyyarəsi sifariş edib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdır. Bu səbəbdəndir ki, dünyanın iri təyyarə istehsalçıları Çin bazarında yarışa giriblər.

AZƏRTAC