AAYDA-da kütləvi ixtisar var?
Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra əməkdaşlarının işdən çıxarılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız və təhrif olunmuş məlumatlar yayılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentlikdə kadr məsələləri Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir. Hər hansı dəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.
"Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək", - məlumatda qeyd edilib.

