AÇG-dən gündəlik orta hasilat 323 min barel təşkil edib
Bu ilin yanvar-iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunda gündəlik orta hasilat 323 min barel səviyyəsində qeydə alınıb, ümumilikdə isə bu dövr ərzində təxminən 59 milyon barel, yəni 8 milyon ton neft çıxarılıb.
BusinessTime xəbər verir ki, bu barədə blokun operatoru olan "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birlikdə ilin ilk altı ayı üzrə biznes fəaliyyətinə dair yayımladığı hesabatda bildirilib.
Hesabata əsasən, iki rüb ərzində AÇG-dən ümumi hasilat aşağıdakı platformalardan təmin olunub: "Çıraq" (19 300 barel), "Mərkəzi Azəri" (88 min barel), "Qərbi Azəri" (73 300 barel), "Şərqi Azəri" (45 min barel), "Dərinsulu Günəşli" (47 min barel), "Qərbi Çıraq" (24 min barel) və "Şərqi-Mərkəzi-Azəri" – ACE (26 400 barel).
Bu ilin birinci yarımilində AÇG-dən çıxarılan neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 min barel azdır, ümumilikdə isə demək olar ki, eyni səviyyədə qalıb.
Fevralın 18-də AÇG layihəsi çərçivəsində "Mərkəzi Azəri" platformasından ilk neftin əldə edilməsinin 20-ci ildönümü qeyd olunub. Bu müddət ərzində həmin platformadan cəmi 1,1 milyard barel (152 milyon ton) neft hasil edilib.
İyun ayının sonuna olan məlumata görə, AÇG-də cəmi 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu fəaliyyət göstərib.
İlin ilk altı ayı ərzində AÇG-də 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılaraq istismara verilib.
Bu quyulardan biri – "Qərbi Azəri" platformasından qazılaraq uğurla təhvil verilmiş C44 neft hasilatı quyusu – Xəzər dənizində indiyədək qazılmış ilk multilüləli quyu olaraq AÇG layihəsi üçün mühüm nailiyyət hesab olunur. Quyunun qazılması və tamamlanması prosesi həm müddət, həm də əmək təhlükəsizliyi baxımından yüksək standartlarla həyata keçirilib. Nəticədə quyu tam təhlükəsiz formada, planlaşdırılan vaxtdan bir ay əvvəl, qrafiki əhəmiyyətli dərəcədə qabaqlayaraq istismara verilib.
Multilüləli quyu texnologiyasının AÇG-də müvəffəqiyyətlə tətbiqi bu yetkin yataqdan neft hasilatının maksimuma çatdırılması və uzunmüddətli davamlılığın təmin edilməsi yolunda əhəmiyyətli bir addım kimi dəyərləndirilir.
Multilüləli quyu texnologiyasının AÇG-də uğurlu tətbiqi bu yetkin yataqdan neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.
Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsinə dair saziş (PSA) 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ təsis edilib.
2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarı və hasilatın pay bölgüsünə dair yenilənmiş saziş imzalanıb. Bu müqavilə yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də pay sahibləri bunlardır: BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %)


