AQTA mühüm YENİLİK ETDİ
AQTA-nın rəsmi saytında Qida Təhlükəsizliyi Reyestri adlı yeni bölmə istifadəyə verilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində (https://afsa.gov.az) Qida Təhlükəsizliyi Reyestri adlı yeni bölmə istifadəyə verilib. Bu bölmə vətəndaşların qida təhlükəsizliyi ilə bağlı məlumatları daha operativ və əlçatan şəkildə əldə etməsi üçün hazırlanıb. Reyestr Agentlik tərəfindən aparılan risk əsaslı yoxlamalar zamanı uyğunsuzluq aşkarlanan məhsullar, qida obyektləri və qida subyektləri haqqında məlumatları bir araya toplayır.
Bölmənin yaradılmasında əsas məqsəd əhalini vaxtında təhlükəli məhsullar barədə məlumatlandırmaq, uyğunsuzluq aşkarlanan qida obyektləri barədə xəbərdar etmək, həmçinin istehsalçılar və idxalçılar arasında təhlükəsizlik normalarına əməl edilməsini təşviq edərək bu sahədə nəzarəti və şəffaflığı gücləndirməkdir.
Reyestrdə həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər, xarici qida obyektləri, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, eləcə də təhlükəli məhsullar üzrə siyahılar da təqdim olunur.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://www.youtube.com/shorts/R3NEqe9BWb0

