“Autizmin Dünəni, Bu Günü və Sabahı” mövzusunda I Azərbaycan Beynəlxalq Forumu keçirilib
2 aprel – Dünya Autizm Maarifləndirmə Günü münasibətilə Yeni Klinikada “Autizmin Dünəni, Bu Günü və Sabahı” adlı I Azərbaycan Beynəlxalq Forumu keçirilib.
“Bayraqdar” İctimai Birliyi və “PediArt Child & Family Systems” LLC-nin təşkilatçılığı ilə baş tutan forumun əsas məqsədi autizm sahəsində maarifləndirmənin artırılması, elmi bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin mütəxəssislər və valideynlər arasında effektiv əməkdaşlıq platformasının yaradılması olub.
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Məlahət İbrahimqızı, eləcə də yerli və beynəlxalq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Pərvin Əkbərov autizm sahəsində maarifləndirmə və erkən müdaxilə tədbirlərinin genişləndirilməsinin səhiyyə sisteminin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, səhiyyədə aparılan islahatlar və dövlətin dəstəyi sayəsində autizmli uşaqların diaqnostika və reabilitasiya xidmətlərinə çıxış imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini, bu istiqamətdə müasir yanaşmaların tətbiqinin sürətləndirildiyini qeyd edib.
Millət vəkilləri Ceyhun Məmmədov və Məlahət İbrahimqızı autizm spektr pozuntuları ilə bağlı cəmiyyətin məlumatlandırılmasının, eləcə də bu sahədə hüquqi və sosial dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Onlar autizmli uşaqların cəmiyyətə inteqrasiyasının yalnız tibbi deyil, eyni zamanda sosial məsələ olduğunu qeyd edərək, bu istiqamətdə dövlət və ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
Forum çərçivəsində Türkiyədən dəvət olunmuş uşaq və yeniyetmə psixiatrı Adil Zorlu, uşaq inkişafı üzrə ekspert Can Erdoğan, eləcə də yerli mütəxəssislər – həkim-nutrisioloq İlahə Canıyeva, uşaq inkişafı mütəxəssisi Ülviyyə Mirzəyeva, ergoterapist Tami Lenart və Yeni Klinikanın uşaq və yeniyetmə psixoloqu Aytac Quliyeva çıxış edərək autizmin diaqnostikası, erkən müdaxilə metodları həmçinin müasir yanaşmalarından bəhs ediblər.
Çıxışlarda autizm spektr pozuntularının erkən aşkarlanmasının əhəmiyyəti, multidisiplinar yanaşmanın rolu və fərdi terapiya planlarının hazırlanmasının vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, valideynlərin maarifləndirilməsi və cəmiyyətin bu sahədə daha həssas yanaşmasının formalaşdırılmasının önəmi qeyd olunub.
Üç paneldən ibarət olan forumda həmçinin Türkiyə və Azərbaycandan olan autizmli uşaqların valideynləri çıxış edərək şəxsi təcrübələrini bölüşüb, gündəlik qarşılaşdıqları çətinliklər və əldə etdikləri nəticələr haqqında məlumat veriblər.
Eyni zamanda Almaniyada fəaliyyət göstərən “El El” dərnəyinin nümayəndəsi onlayn formatda tədbirə qoşularaq öz həyat hekayəsini, övladı ilə bağlı təcrübəsini və qarşılaşdığı çətinlikləri iştirakçılarla bölüşüb. Bu yanaşma forumun yalnız elmi deyil, həm də real həyat təcrübəsinə əsaslanan məzmununu daha da zənginləşdirib.
Forum çərçivəsində multidisiplinar yanaşmanı özündə birləşdirən “Pediart PEM və Pediart One” sistemləri haqqında da məlumat verilib. Qeyd olunub ki, bu modellər autizmə kompleks yanaşmanı təşviq etməklə uşaqların inkişafında fərdi və inteqrativ dəstəyin əhəmiyyətini ön plana çıxarır.
İştirakçılar arasında geniş fikir mübadiləsinin aparıldığı forumda autizm sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanları müzakirə edilib həmçinin gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.


