Avaza görüşü tarixi əhəmiyyətə malikdir - ŞƏRH

Avaza görüşü tarixi əhəmiyyətə malikdir

Dil, din, mədəniyyət, tarixi köklər baxımından yaxın olan Azərbaycan Türkmənistan  və Özbəkistan Respublikaları arasında son illər müşahidə edilən siyasi dialoq, iqtisadi inteqrasiya təşəbbüsləri və mədəni-humanitar əlaqələr dünyada baş verən proseslər fonunda ağıllı, müdrikcəsinə düşünülmüş təəsüratı bağışlayır. XXI əsrdə beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən biri kimi regional əməkdaşlıq formatlarının formalaşdırılması və dərinləşdirilməsi olduğunu nəzərə alsaq bu gün üç ölkə arasında olan münasibətlərin səviyyəsi gələcəyə böyük ümidlərlə baxmağa imkan verir.

Məlum olduğu kimi  2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində hər üç ölkənin liderlərinin iştirakı ilə yüksək səviyyəli zirvə görüşü keçirildi. Zirvə görüşündən sonra Liderlər məbuata bəyanatla çıxış edərək, məqsəd və məramlar, gələcək prespektivlər və ölkələrimiz arasında olan münasibətlərin səviyyəsi barədə konkret tezislər səsləndirdilər. Ölkə başçısı cənab İlham Əliyev yüksək səviyyəli görüşün yekunlarına dair bəyanatında bu əməkdaşlıq formatının strateji xarakterini bir daha təsdiqlədi. Möhtərəm Prezident Türkmənistanın etibarlı inkişaf yolunda olmasını, ölkələrimiz arasında mövqelərin üst-üstə düşməsini və türkmən xalqının Qarabağda məscid inşa etməsi təşəbbüsünü yüksək qiymətləndirdi.

Diqqət yetirsək görərik ki, Azərbaycan və Türkmənistan xalqlarını tarixi, mədəni və dini dəyərlər birləşdirir. Avaza görüşündə imzalanmış sənədlər, o cümlədən Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərinin qardaşlaşması barədə razılaşma, qardaşlıq münasibətlərinin rəmzi ifadəsi kimi qiymətləndirilə bilər. Bu mənada Avazada qəbul edilən bəyanat Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir.

Araz Əsədov;
Neftçala rayonu