“.az” domeni ilə bağlı MÜHÜM AÇIQLAMA
“.az” domeni üzərindən fəaliyyət göstərən internet resurslarında fərdi məlumatlar toplanır və işlənilirsə, həmin resurs fərdi məlumatların informasiya sistemi və ya onun tərkib hissəsi kimi qiymətləndirilə bilər. Buna görə həmin resurs qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) mətbuat katibi Elnarə Baxış deyib.
Mətbuat katibi bildirib ki, “Fərdi məlumatlar haqqında” Qanuna əsasən, fərdi məlumat mülkiyyətçiləri və operatorlar məlumatların mühafizəsi üçün zəruri texniki və təşkilati təhlükəsizlik tədbirləri görməlidirlər.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət həyata keçirilir və pozuntu halları aşkar edildikdə onların aradan qaldırılması, eləcə də məsul şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”, - deyə Elnarə Baxış əlavə edib.

