Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkəyə çevrilib
Bu gün Azərbaycan məxsus olduğu geniş ehtiyatlar sayəsində bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkəyə çevrilib.
Son illər Azərbaycanın irəli sürdüyü enerji siyasəti, xüsusilə də yaşıl enerji gündəliyi mövcud imkanlardan səmərəli istifadə etməklə iqtisadi inkişafa nail olmaq məqsədi daşıyır. Bu faktdır ki, ölkəmizin reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunmasına yeni imkanlar açır. Sevindiricidir ki, Azərbaycan məxsus olduğu geniş ehtiyatlar sayəsində bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkəyə çevrilib. Dövlətimiz reallaşdırdığı layihələrlə ən qısa zaman kəsiyində bu sahəni inkişaf etdirmək niyyətini nümayiş etdirir.
Ölkə başçısı cənab İlham Əliyev çıxış və müsahibələrində dəfələrlə bəyan edib ki, ölkəmizdə bu istiqamətdə yaxşı sərmayə mühiti mövcuddur. Cənab Prezident bu günlərdə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində iştirak edərək, ölkəmizin enerji siyasətinin əsas prinsiplərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Məlum səbəblərdən ölkəmiz uzun illər zəngin ehtiyatlarından daha səmərəli şəkildə istifadə edə bilmirdi.
Lakin həyata keçirilmiş məqsədyönlü, düşünülmüş siyasət nəticəsində son beş ildə suveren ərazilərimizin ümumi iqtisadi inkişafa töhfə verməyə cəlb edilməsi uğurlu nəticələrin əldə edilməsini şərtləndirib.
Məlum olduğu kimi Qarabağ və Zəngəzur bölgəmiz bərpaolunan enerji ehtiyatları ilə zəngindir. Son illər bu istiqamətdə həyata keçirilən işlər, xarici investorların bu işə cəlb edilməsi əsas məqsədə xidmət edir. Dövlətimiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerji istehsalına yönəldir. Qeyd edək ki, hazırda ölkəmizin qarşıya qoyduğu ən əsas məqsədlərdən biri istehsal edəcəyi bərpaolunan enerjini ixrac etməkdir. Bu da gələcəkdə Azərbaycanın böyük yaşıl enerji ixracatçısına çevrilməsinə səbəb olacaqdır.
Vüqar Qələşov;
Neftçala rayonu, müəllim

