Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib

Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib

“Qırmızı Ürəklər Fondu” 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir.

Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağac əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyaları “PAŞA Holding”in dəstəyi ilə Şəki şəhərində həyata keçirilib. Aksiya çərçivəsində şəhidlərin xatirəsinə Şəkidə 353 ədəd həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin “Kapital Bank”ın və “Qırmızı Ürəklər Fondu”nun əməkdaşları iştirak ediblər. Aksiya Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Qırmızı Ürəklər Fondu”nun prezidenti Yusif Poladov bildirib ki, “Qəhrəmanlar Bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu təşəbbüs vasitəsilə qəhrəmanlarımızın adı təkcə yaddaşlarda deyil, həm də yaşıl mühitin formalaşmasına xidmət edən canlı bir irsdə yaşadılacaqdır.

Daha sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib: “Zəfər Günü ərəfəsində Şəkidə belə mühüm təşəbbüsün reallaşdırılması həm torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə dərin ehtiramın göstəricisidir, həm də rayonumuzun ekoloji mühitinin zənginləşməsinə dəyərli töhfədir. Şəhidlərimizin adını yaşatmaq və onların ailələrinə diqqət göstərmək hər birimizin mənəvi borcudur. Əkilən bu ağaclar gələcək nəsillərə Vətən sevgisini və qəhrəmanlıq irsini xatırladan canlı bir simvol olacaqdır”.

Bununla da ölkə ərazisində “Qəhrəmanlar Bağı”nın sayı 32-yə çatıb. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirir.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

“Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.