Azərbaycan və Gürcüstan ticarət və investisiya əlaqələrini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov gürcüstanlı həmkarı Mariam Kvrivişvili ilə görüşüb. Tərəflər sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ticarət və investisiya əlaqələrinin genişləndirilməsini müzakirə ediblər. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Tərəflər iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə sənaye və istehsal sahəsində birgə layihələrin, eləcə də enerji əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Enerji sahəsində müzakirələr yaşıl enerji təşəbbüslərini də əhatə edib.
Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının inkişafına da diqqət yetiriblər. Müzakirələr zamanı ortaq iqtisadi maraqların reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin önəmi qeyd olunub.


