"WhatsApp" Android-də bir dəfə baxılan foto və video funksiyası hazırlayır
"WhatsApp" Android üçün Zap adlı yeni funksiyanı hazırlayır. Funksiya ilə göndərilən foto və videolar alıcı baxdıqdan sonra yox olacaq.
"WhatsApp" Android üçün bir dəfə baxıldıqdan sonra yox olan foto və videoların göndərilməsinə imkan verən Zap funksiyasını hazırlayır. Bu barədə BusinessTime "WABetaInfo"ya istinadən xəbər verir.
Yeni funksiya əvvəlcə Instants adı ilə təqdim edilib. İstifadəçilər çatlar bölməsinin yuxarısındakı ildırım işarəsinə toxunaraq kameranı aça, foto və ya video çəkə biləcəklər. Bu üsulla göndərilən materiallar Zap adlanacaq.
İlkin məlumatlara görə, funksiyanın yalnız qarşılıqlı kontaktlar arasında işləməsi nəzərdə tutulurdu. İndi isə istifadəçilərin Zap-ları istənilən kontakt və qrupa, o cümlədən tanımadıqları şəxslərə göndərə bilməsi planlaşdırılır. Kanallara göndərmə imkanının dərhal istifadəyə verilib-verilməyəcəyi isə məlum deyil.
Zap ayrıca bölmədə deyil, mesajlarla birlikdə çatda görünəcək. Eyni söhbətdə bir neçə belə material göndərildikdə onlar birləşdiriləcək və ümumi sayı göstəriləcək. Alıcı baxış zamanı istənilən emoji ilə reaksiya verə və ya mesaj yazaraq cavablandıra biləcək.
Material alıcı baxdıqdan sonra yox olsa da, göndərənin çatında qalacaq. Zap-lar digər media fayllarından fərqli olaraq çatın məlumat bölməsində göstərilməyəcək. Göndərişlər başdan-başa şifrələnəcək.
Funksiya "WhatsApp"ın Android üçün 2.26.46.2 beta versiyasında aşkar edilib. Hazırda hazırlanma mərhələsində olduğundan istifadəçilər onu sınaqdan keçirə bilmirlər. İstifadəyə veriləcəyi tarix açıqlanmayıb.


