Qrip peyvəndi immuniteti zəiflədir? MİFLƏR VƏ HƏQİQƏTLƏR
Qripə qarşı peyvənd hər il milyonlarla insan tərəfindən vurdurulur. Bununla belə, peyvəndin effektivliyi, immunitetə təsiri və peyvənddən sonra xəstələnmə ehtimalı ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Bəs bu fikirlər nə dərəcədə doğrudur?
BusinessTime öz oxucularına qrip peyvəndi ilə bağlı ən çox yayılan 5 yanlış təsəvvürə aydınlıq gətirir.
Mif 1. Virus daim mutasiyaya uğrayır, ona görə də peyvənd effektiv deyil.
Qrip virusunun ştammları mütəmadi olaraq dəyişir. Buna görə də peyvəndlər hər il yenilənir və onların tərkibi mütəxəssislərin növbəti mövsüm üçün proqnozlaşdırdığı virus ştammlarına uyğunlaşdırılır. Bu yanaşma peyvəndin effektivliyini qorumağa kömək edir.
Mif 2. Peyvənd vurdurduqdan sonra qripə yoluxmaq mümkündür.
Qrip peyvəndi xəstəliyə səbəb olmur. Çünki istifadə olunan əksər qrip peyvəndlərinin tərkibində xəstəlik törədə bilən canlı virus yoxdur. Onlar immun sistemini müdafiə anticisimləri yaratmağa stimullaşdırır.
Peyvənddən sonra yüngül halsızlıq, inyeksiya yerində ağrı və bəzən cüzi temperatur yüksəlməsi müşahidə oluna bilər. Bunlar immun sisteminin peyvəndə reaksiyasıdır.
Bununla yanaşı, heç bir peyvənd qripdən 100 faiz qoruma təmin etmir.
Mif 3. Peyvənd immuniteti zəiflədir.
Bu fikir doğru deyil. Peyvənd immun sistemini zəiflətmir, əksinə, onu virusla mübarizəyə hazırlayır. Peyvənddən sonra immun hüceyrələri qoruyucu anticisimlər istehsal etməyə başlayır.
İmmun çatışmazlığı olan şəxslər üçün də qrip peyvəndi xüsusilə əhəmiyyətlidir. Çünki bu insanlarda qripin ağır keçməsi və fəsadların yaranması riski daha yüksək ola bilər. Lakin peyvəndin növü həkim tərəfindən müəyyən edilməlidir.
Mif 4. Qripə qarşı dərmanlar və immunomodulyatorlar var, peyvəndə ehtiyac yoxdur.
Qripin müalicəsində istifadə olunan bəzi antiviral preparatlar mövcuddur. Lakin onlar peyvəndi əvəz etmir. İmmunomodulyator adlanan preparatların isə qripin qarşısının alınmasında və müalicəsində effektivliyini təsdiqləyən yetərli elmi sübut yoxdur.
Peyvənd xəstəliyin və xüsusilə onun ağır fəsadlarının qarşısının alınmasında mühüm vasitə hesab olunur.
Mif 5. Peyvənd vurdurmuşamsa, qripə yoluxmayacağam.
Qrip peyvəndi tam qorunma zəmanəti vermir. Buna baxmayaraq, peyvənd olunan şəxslərdə xəstəliyin ağır keçməsi, xəstəxanaya yerləşdirilmə və ciddi fəsadların yaranması riski azalır.
Peyvənddən sonra da qripə yoluxmaq mümkündür, lakin immun müdafiə xəstəliyin daha yüngül keçməsinə kömək edə bilər.
Qripdən qorunmaq üçün daha nələr etmək olar?
Qrip mövsümündə peyvəndlə yanaşı, əlavə profilaktik tədbirlərə də əməl etmək tövsiyə olunur:
- İnsanların sıx olduğu yerlərdə qoruyucu maskadan istifadə etmək;
- Əlləri mütəmadi yumaq;
- Qapalı məkanları havalandırmaq;
- Xəstə insanlarla yaxın təmasdan çəkinmək;
- Xəstəlik əlamətləri olduqda evdə qalmaq.
M.Sadiq.


