Azərbaycanda elektron satınalmaların məbləği 12,5% artıb
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 4 596 elektron satınalmanın ümumi məbləği 2 milyard 341,2 milyon manat təşkil edib.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, hesabat dövründə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
2025-ci ilin eyni dövründə Azərbaycanda 4 582 elektron satınalma həyata keçirilib və həmin satınalmaların ümumi məbləği 2 milyard 81,8 milyon manat təşkil edib.
Beləliklə, 2026-cı ilin yanvar-iyul aylarında elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3%, məbləği isə 12,5% artıb.
Agentliyin məlumatında elektron satınalmaların həcminin artmasının dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, satınalma proseslərinin daha əlçatan müstəviyə keçdiyini və rəqabət mühitinin genişləndirilməsi istiqamətində müsbət dinamikanın formalaşdığını göstərdiyi qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev bir müddət əvvəl dövlət satınalmalarında rəqəmsal transformasiya istiqamətində müsbət dinamikanın müşahidə olunduğunu bildirib.
“2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9 faiz təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir”, – deyə o qeyd edib.
Sədr müavini bildirib ki, müsbət dinamika 2026-cı ildə də davam edir. Onun sözlərinə görə, ilin ilk yarısında 3 500-ə yaxın elektron satınalma keçirilib və onların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
Həmin dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.


