Azərbaycanın Mərkəzi Asiya ailəsinə tarixi inteqrasiyası

Azərbaycanın Mərkəzi Asiya ailəsinə tarixi inteqrasiyası

Azərbaycanın xarici siyasət prioritetlərində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi son illərdə tamamilə yeni bir müstəviyə yüksəlmişdir. Bu istiqamətdə ən mühüm və tarixi addımlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsidir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev bu qərara görə Türkmənistan tərəfinə və onun rəhbərliyinə fəal dəstəyi üçün xüsusi minnətdarlığını ifadə etmişdir. Bu hadisə sadəcə diplomatik uğur deyil, həm də regionun geosiyasi və geoiqtisadi mənzərəsini kökündən dəyişdirən, böyük bir coğrafiyanı vahid güc mərkəzi kimi birləşdirən tarixi bir dönüş nöqtəsidir.

Coğrafi nöqteyi-nəzərdən Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşsə də və birbaşa Mərkəzi Asiya regionunun daxilində coğrafi sərhədlərə malik olmasa da, ölkəmizi bu bölgəyə bağlayan minillik tarixi, mədəni və mənəvi tellər mövcuddur. Bu gün isə həmin tarixi bağlara müasir nəqliyyat, logistika və regional qarşılıqlı fəaliyyət amilləri əlavə olunub.

Dövlət başçısı cənab İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, həll olunan konkret məsələlər böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün real zəmin yaradır. Azərbaycanın bu şuraya üzvlüyü Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin vahid platformada daha sıx birləşməsinə, qlobal çağırışlara qarşı ortaq mövqe nümayiş etdirməsinə imkan verir.

Bu çərçivədə başlanan çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət həm iqtisadi, həm də təhlükəsizlik sahəsində yeni imkanlar açır. Azərbaycanın Mərkəzi Asiya ailəsinin tamhüquqlu bir hissəsi kimi qəbul olunması Şərq-Qərb nəqliyyat dəhlizinin səmərəliliyini artırır və region ölkələrinin qlobal ticarətdəki çəkisini gücləndirir. Türkmənistanın bu prosesdə Azərbaycana nümayiş etdirdiyi qardaşlıq dəstəyi iki ölkə arasındakı strateji müttəfiqliyin çoxtərəfli platformalarda da nə qədər effektiv işlədiyini sübut edir. Bu tarixi hadisə bütövlükdə regionun təhlükəsizliyinə, sabitliyinə və iqtisadi rifahına xidmət edən strateji nailiyyətdir.

Anarə Mustafayeva
Neftçala rayonu