Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
Tikinti işləri başa çatdıqdan sonra Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpası üzrə işlər aparılacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları"nın (ADY) Mətbuat Xidmətindən bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hava şəraiti imkan verərsə, təmir işlərinin bu ayın sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Qurumdan əlavə edilib ki, bu halda Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə xətlər istismara təhvil veriləcək:
"Gecikmə hava şəraiti ilə bağlıdır. Xətlərdən biri artıq təhvil verilib. Hava şəraiti uyğun olarsa, digər xətlər də yaxın vaxtlarda istifadəyə veriləcək".
Qeyd edək ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə aparılan təmir işləri ilə əlaqədar ötən il sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti dayandırılıb.

