Bakıda torpaq qiymətləri "əl yandırır" - SİYAHI

Bakıda torpaq qiymətləri "əl yandırır"

Azərbaycanda torpaq bazarında qiymət fərqləri regiondan-regiona ciddi şəkildə dəyişir. Paytaxt və ona yaxın ərazilərdə yüksək tələb qiymətləri artırdığı halda, turizm və sənaye potensialı olan rayonlarda da son illərdə bahalaşma müşahidə olunur.

Mövzu ilə bağlı AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli bildirib.

Orxan Əli vurğulayıb ki, torpaq bazarında ən yüksək qiymətlər Bakı şəhərində qeydə alınır və bəzi ərazilərdə 1 sot torpağın qiyməti 300-500 min manata qədər yüksəlir.

Onun sözlərinə görə, paytaxtın Səbail rayonunda, xüsusilə İçərişəhər, Bayıl və Badamdarın mərkəzi hissələrində, eləcə də Nərimanov və Nəsimi rayonlarının kommersiya baxımından cəlbedici küçələrində torpaq ən bahalı daşınmaz əmlak seqmentlərindən biridir.

"Yaşayış təyinatlı torpaq sahələri üzrə ən yüksək qiymətlər Səbail rayonunda formalaşıb. Burada yerləşmədən asılı olaraq 1 sot torpağın bazar dəyəri təxminən 120 min manatdan başlayaraq 500 min manata qədər dəyişir. Nərimanov, Yasamal və Nəsimi rayonlarında isə bu göstərici əsas küçələrdə 60-200 min manat, daxili məhəllələrdə isə 30-80 min manat arasında dəyişir."

Ekspert bildirib ki, Bakıya yaxın ərazilər arasında ən aktiv bazar Abşeron rayonunda müşahidə olunur.

"Masazır, Mehdiabad, Məhəmmədi, Saray və Hökməli qəsəbələrində fərdi yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinin bir sotu orta hesabla 5-20 min manat arasında satılır. Novxanı, Goradil, Pirşağı və Bilgəh kimi dənizkənarı ərazilərdə isə yerləşmədən asılı olaraq qiymətlər 20-70 min manat, sahilə yaxın premium zonalarda isə bundan da yüksək olur."

Orxan Əli qeyd edib ki, regionlarda ən bahalı torpaq bazarı turizm potensialı yüksək olan rayonlarda formalaşıb.

"Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki və İsmayıllıda istirahət zonalarına yaxın ərazilərdə torpağın bir sotu adətən 3-15 min manat, turizm layihələri üçün əlverişli ərazilərdə isə 20 min manatdan yuxarı qiymətlərlə təklif olunur. Xüsusilə Şahdağ Turizm Mərkəzi ətrafında son illərdə torpaq qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb."

Ekspertin sözlərinə görə, sənaye və logistika layihələrinin həyata keçirildiyi ərazilər də investorların diqqət mərkəzindədir.

"Qaradağ rayonu, Ələt qəsəbəsi və Sumqayıt şəhərində sənaye və kommersiya təyinatlı torpaq sahələrinə tələbat artmaqdadır. Bu ərazilərdə qiymətlər torpağın təyinatından və kommunikasiya imkanlarından asılı olaraq son beş ildə orta hesabla 30-50 faiz yüksəlib."

Orxan Əli vurğulayıb ki, torpaq bazarında qiyməti müəyyən edən əsas amillər yerləşmə, hüquqi status, kommunikasiya təminatı, yol infrastrukturu və gələcək inkişaf perspektividir. Onun sözlərinə görə, yalnız qiymətə əsaslanaraq qərar vermək düzgün yanaşma deyil və hər bir alqı-satqıdan əvvəl peşəkar qiymətləndirmə aparılması məqsədəuyğundur.