Banklar borc ödənilmədikdə öhdəliyi zamindən tələb edə bilər? — AÇIQLAMA

Banklar borc ödənilmədikdə öhdəliyi zamindən tələb edə bilər?

Kredit götürən şəxs ödənişləri gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə, bankların ilk müraciət etdiyi tərəflərdən biri də zaminlər olur. Qanunvericiliyə və mövcud bank təcrübəsinə əsasən, banklar borcun ödənilməsini asanlıqla zamindən tələb edə bilər, çünki kredit müqavilələrində adətən həmrəy məsuliyyət prinsipi nəzərdə tutulur. Lakin əsas öhdəlik borcalanın üzərində olduğu üçün zaminlərin hansı hallarda ödənişdən azad olunması və ya məsuliyyətdən kənarlaşdırılması məsələsi bir çox vətəndaş üçün qaranlıq qalır. Ekspertlər bildirirlər ki, müəyyən hüquqi əsaslar və müqavilə şərtlərinin pozulması hallarında zaminin üzərindəki öhdəlik ləğv edilə bilər.

Bəs bu xüsusi nüanslar hansılardır? 

Mövzu ilə bağlı Plat.az-a açıqlamasında, hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, banklar zamindən ödənişi nəinki tələb edə bilər, tələb edirlər də:

"Heç biri ödəməyəndə məhkəməyə verirlər və hər ikisindən borcun ödənilməsini tələb edirlər. Elə zaminliyin mahiyyəti budur".

Ekspert zaminin ödənişlərdən azad olunub-oluna bilinməyəcəyinə də aydınlıq gətirib:

"Azad oluna bilər deyəndə ki, qayda belədir. Əgər sonradan zaminin razılığı alınmadan kredit müqaviləsinə hər hansı bir dəyişiklik edilibsə, və həmin dəyişiklik zaminin öhdəliyini artırıbsa, məsələn kreditin müddəti uzadılıbsa, bu halda zaminin məsuliyyəti yoxdur. Çünki o deyəcək ki, 3 ilə zamin durmuşdum, siz uzatmısınız, eləmisiniz 5 il.

Ama digər hallarda zaminin bir qayda olaraq, belə bir hüququ yoxdur ki, o, ödənişlərdən azad olunsun. Əgər kredit ödənilmirsə, borc verən tərəf hər ikisindən tələb eləyir. Yəni qanun da deyir ki, müqaviləyə uyğun olaraq hər ikisindən eyni vaxtda tələb eləyə bilər".

Ekspert öhdəliyin ödənilməməsi halında işin məhkəməyə verilməsi prosesindən də danışıb

"Əgər heç biri borcu vermədisə, bank məhkəməyə müraciət edir. Məhkəmə də son nəticədə hər ikisindən borcun qaytarılmasını tələb edir. Tutaq ki, hər ikisinin əməkhaqqısı var. Vəssalam, hər ikisinin əməkhaqqısının müəyyən faizi borca çıxılacaq. Yaxud deyək ki, borcalanın ola bilər ki, ümumiyyətlə maaşı yoxdur, amma zaminin var. Deməli, elə zamindən də çıxılacaq".

Ekspert əlavə edib ki, əgər borcu zamin ödəyirsə, onun hüququ var ki, tutulan məbləği borcalandan tələb etsin:

"Amma banka deyə bilməz ki, yox, mən zaminəm, get krediti götürən şəxsdən istə. Borc ödənilməlidir, sonra əgər zamin ödəyirsə, krediti götürən şəxsdən hüquqi yollarla tələb etməlidir".