“Crystal İnşaat”-ın xalis mənfəəti 4 dəfədən çox artıb
“Crystal İnşaat” ASC 2025-ci ili 559,6 min manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti əvvəlki illə müqayisədə 4,4 dəfə və ya 337,6% artıb. 2024-cü ildə ASC-nin xalis mənfəəti 128 min manat olmuşdu.
Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Maliyyə hesabatına əsasən, şirkətin əsas əməliyyat gəlirləri illik müqayisədə 17% artaraq 16,9 milyon manata çatıb. Satışın maya dəyəri isə 18,3% artaraq 15.7 milyon manat olub. Nəticədə ümumi mənfəət 2 dəfə artaraq 1,2 milyon manata yüksəlib.
Hesabat dövründə inzibati xərclər 15,9% artaraq 495,1 min manat təşkil edib. Bununla belə, əməliyyat mənfəəti ötən illə müqayisədə 4,4 dəfə artaraq 699,5 min manata çatıb.
2025-ci ilin sonuna “Crystal İnşaat” ASC-nin aktivləri 12% artaraq 7,4 milyon manata yüksəlib. Bu dövrdə öhdəliklər 2,8% artaraq 6,71 milyon manat, kapital isə 3,9 dəfə artaraq 684,2 min manat olub.
Şirkətin bölüşdürülməmiş mənfəəti il ərzində 170,6 min manatdan 680,2 min manata yüksələrək 4 dəfə artıb.


