Sumqayıt Tekstil Fabrikinə rəhbər təyin OLUNDU

Sumqayıt Tekstil Fabrikinə rəhbər təyin

Sumqayıt Tekstil Fabrikinin (STF) direktoru vəzifəsinə Paşa Əliyev təyin olunub.

Paşa Əliyev sənaye idarəçiliyi, əməliyyatların optimallaşdırılması və biznes transformasiyası sahələrində peşəkar təcrübəyə malikdir. Karyerası ərzində Müdafiə Sənayesi Nazirliyi, Alyans Tekstil, STP şirkətlər qrupu kimi aparıcı təşkilatlarda çalışmış, son olaraq isə Sumqayıt Tekstil Fabrikinin Əməliyyatlar Departamentinə rəhbərlik etmişdir. Bu müddətdə müəssisənin əməliyyat modelinin təkmilləşdirilməsi və istehsal səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən layihələrə rəhbərlik etmişdir.

Sumqayıt Tekstil Fabriki Azərbaycanın aparıcı tekstil istehsal müəssisələrindən biri olmaqla hərbi, xüsusi təyinatlı və mülki təyinatlı tekstil məhsullarının istehsalını həyata keçirir. Müəssisə müasir istehsal infrastrukturu, beynəlxalq keyfiyyət standartlarına uyğun idarəetmə sistemi və peşəkar insan resursları ilə fəaliyyət göstərərək ölkənin tekstil sənayesinin inkişafına mühüm töhfə verir. Hazırda müəssisədə 750-dən çox əməkdaş çalışır.