Dəriniz və dişləriniz risk altındadır: Paslı suyun gözəgörünməz fəsadları

Dəriniz və dişləriniz risk altındadır:

"Paslı su ilə yuyunmaq ekzema və dermatit kimi dəri xəstəliklərinin şiddətlənməsinə yol aça bilər. Həmçinin bu su ilə diş fırçalamaq həm diş minasının zədələnmə ehtimalını artırır, həm də köhnə borulardakı bakterial qatların ağız boşluğuna keçməsinə zəmin yaradır".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya müsahibəsində rusiyalı həkim-infeksionist, tibb elmləri doktoru Vladimir Neronov bildirib.

Mütəxəssisin sözlərinə görə, suyun qəhvəyi rəngdə olması metal boruların paslanması nəticəsində əmələ gələn dəmir oksidi və hidroksidi hissəciklərindən qaynaqlanır. Suda dəmirin miqdarının çox olması onun orqanoleptik göstəricilərini (dad, iy, rəng) dəyişdirsə də, bu, hər zaman birbaşa zəhərlənmə təhlükəsi yaratmır.

"Dəmirin həll olunmayan hissəcikləri sağlam dəridən daxil ola bilmir, buna görə də bir dəfə istifadə zamanı ümumi zəhərlənmə baş vermir. Ancaq nəzərə almaq lazımdır ki, pas dərinin qoruyucu lipid təbəqəsini zədələyir və su itkisini artırır. Nəticədə dəridə quruluq, qaşınma və qabıqvermə halları yaranır", - deyə həkim qeyd edib.

V.Neronov vurğulayıb ki, paslı sudan istifadə xüsusilə ekzema və atopik dermatitdən əziyyət çəkənlər üçün risklidir. Tərkibində pas olan su damcıları həmçinin konyuktivanı (gözlərdə qızartı və yanğı hissi), eləcə də astma və xroniki rinosinusiti olanlarda yuxarı tənəffüs yollarını qıcıqlandıra bilər.

İnfeksionist diş yuyarkən də paslı sudan uzaq durmağı tövsiyə edir. Çünki pas qalıqları diş ətini qıcıqlandıra və diş minası üzərində mikrocızıqlar yarada bilər: "Ağızda yara, parodontit və ya stomatit mövcuddursa, dəmir qalıqları zərərli bakteriyaların çoxalması üçün münbit şərait formalaşdırır. Təkcə dəmirdən infeksiya yoluxma təhlükəsi olmasa da, köhnə borulardan gələn qatılaşmış biofilmlər mikroorqanizmlərin potensial mənbəyi hesab edilir".