Elnur Niftəliyev tələbələrə kommunikasiya bacarıqları mövzusunda təlim keçib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində növbəti təlim baş tutub. Bu dəfə layihənin qonaq təlimçisi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev olub.
Təlim “İctimaiyyətlə əlaqələr və media” mövzusuna həsr olunub. Çıxış zamanı ictimaiyyətlə əlaqələr sahəsində kommunikasiya strategiyalarının qurulması, media ilə əməkdaşlığın əsas prinsipləri, məlumatın düzgün və məsuliyyətli şəkildə təqdim olunması məsələləri müzakirə edilib. Elnur Niftəliyev kommunikasiya prosesində etimadın formalaşdırılması, mesajların auditoriyaya uyğunlaşdırılması və ictimai məsuliyyət anlayışının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Təlimdə ölkədə könüllülük fəaliyyətinin inkişaf mərhələlərinə də toxunulub, könüllülüyün gənclərin kommunikasiya bacarıqlarının formalaşmasına, komanda ilə işləmə vərdişlərinin inkişafına və sosial məsuliyyət hissinin güclənməsinə təsiri qeyd edilib. Bu kontekstdə effektiv kommunikasiya bacarıqlarının yalnız peşəkar fəaliyyətdə deyil, sosial və ictimai təşəbbüslərdə də mühüm rol oynadığı vurğulanıb.
Sessiya zamanı media ilə ünsiyyətdə dilin seçimi, məlumatın balanslı təqdimatı, şəffaflıq və qarşılıqlı anlaşma prinsipləri praktiki nümunələr üzərindən izah edilib. Tələbələr real kommunikasiya situasiyaları ətrafında fikir mübadiləsi aparıb, suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.
Qeyd edək ki, “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində ADNSU-da müxtəlif sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə təlimlər davam edir. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq, ən yüksək nəticə göstərən üç tələbə isə ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq.


