Endirim qorxusu: vaxtı keçmiş məhsul satılır? – AÇIQLAMA
Marketlərdə endirim mövzusu alıcılar arasında ən çox müzakirə olunan məsələlərdəndir. Bir çox insan qiyməti aşağı düşən məhsulu avtomatik olaraq “problemli” və ya “keyfiyyətsiz” hesab edir. Halbuki pərakəndə satış sistemində qiymət siyasəti hər zaman məhsulun keyfiyyəti ilə birbaşa bağlı olmur.
Ölkə.Az-ın məlumatına görə, məsələyə aydınlıq gətirən keyfiyyət üzrə mütəxəssis Pərvin İbrahimov bildirir ki, endirim anlayışı çox vaxt yanlış dəyərləndirilir. Onun sözlərinə görə, endirim məhsulun problemli olması demək deyil. Market sistemində qiymətin aşağı salınması əksər hallarda satış planlaması, istehsalçı ilə razılaşma və ya kampaniya dövrü ilə əlaqədar olur. Məhsul eyni məhsuldur, dəyişən yalnız qiymət yanaşmasıdır.
Mütəxəssis qeyd edib ki, bir çox endirim əvvəlcədən planlaşdırılmış addımdır. Yeni məhsulun tanıdılması, rəfdə hərəkətin artırılması və ya müəyyən dövrdə satış tempinin yüksəldilməsi məqsədilə bu üsuldan istifadə olunur. Bu zaman məhsulun saxlanma şərtləri, istehsal tarixi və keyfiyyət göstəriciləri dəyişmir.
Pərvin İbrahimov əlavə edib ki, son istifadə tarixinə yaxınlaşdığı üçün endirimə düşən məhsullar da olur. Lakin bu cür halları kampaniya məqsədli endirimlərlə eyniləşdirmək düzgün deyil. Onun fikrincə, alıcı məhsulun etiketinə və məlumatlarına diqqətlə baxdıqda endirimin səbəbini asanlıqla anlaya bilər. Endirim “pis” anlayış deyil, sadəcə düzgün oxunduqda real dəyərini göstərir.

