Sənədsiz evlərə çıxarış veriləcəkmi? - Ekspert mümkün həll yolunu açıqladı

Sənədsiz evlərə çıxarış veriləcəkmi?

Azərbaycanda daşınmaz əmlak bazarının ciddi problemlərindən biri sənədsiz fərdi yaşayış evləri və torpaq sahələrinin hüquqi statusu ilə bağlıdır. Xüsusilə Bakıətrafı qəsəbələrdə və Abşeron yarımadasında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş, sonradan yaşayış massivlərinə çevrilmiş ərazilərin rəsmiləşdirilməsi məsələsi aktuallığını qoruyur.

Bu fikirləri BusinessTime-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvü, departament rəhbəri Rüfət Əliyev mövzu ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, problemin kökləri torpaq islahatları dövrünə, bələdiyyə torpaqlarının idarə olunmasına və şəhərsalma proseslərində vahid planlaşdırmanın uzun müddət təmin edilməməsinə gedib çıxır. Nəticədə vətəndaşların bir hissəsi torpaq əldə edərək ev tikib, uzun illər həmin ərazilərdə yaşasa da, mülkiyyət hüququnu dövlət reyestrində rəsmiləşdirə bilməyib.

Ekspert vurğulayıb ki, torpağın kateqoriyası, məqsədli təyinatı və üzərindəki tikilinin hüquqi statusu ayrı-ayrı məsələlərdir. Torpağın kateqoriyasının dəyişdirilməsi avtomatik olaraq evə çıxarış verilməsi demək deyil. Bunun üçün tikilinin qanuniliyi, şəhərsalma tələblərinə uyğunluğu və dövlət qeydiyyatına alınma imkanları da araşdırılmalıdır.

Rüfət Əliyev qeyd edib ki, 2024-cü il sentyabrın 28-də təsdiqlənmiş yeni qaydalar torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi mexanizmini müəyyənləşdirib. Bu proses Prezidentlə razılaşdırılmaqla Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir. Beləliklə, torpağın təyinatının dəyişdirilməsi yalnız fərdi müraciətlə həll olunan məsələ deyil.

Sənədsiz evlər niyə daha ucuz satılır?

AQC rəsmisinin sözlərinə görə, çıxarışı olan və hüquqi statusu tam müəyyənləşdirilməmiş evlər arasında bəzi ərazilərdə 30-40 faizə çatan qiymət fərqi müşahidə edilir. Bununla belə, həmin göstərici ölkə üzrə vahid statistik nəticə deyil və hər bir əmlakın xüsusiyyətlərinə uyğun qiymətləndirilməlidir.

Qiymət fərqinin əsas səbəbi mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənlikdir. Sənədsiz evin alıcısı torpaq üzərində hüququn və tikilinin qanuniliyinin təsdiqi, gələcəkdə çıxarış əldə etmək imkanları ilə bağlı risk daşıyır. Belə əmlakların alıcı dairəsi də məhdudlaşır. Xüsusilə bankların onları ipoteka və kredit üçün girov kimi qəbul etməməsi satış imkanlarını zəiflədir.

Bundan əlavə, etibarnamə əsasında aparılan əməliyyatlar, mülkiyyət və vərəsəlik mübahisələri də alıcı üçün əlavə hüquqi risk yaradır. Nəticədə əmlakın qiymətini müəyyən edən amillər sırasında hüquqi təminat da mühüm yer tutur.

Ekspert bildirib ki, problemin təsiri yalnız alqı-satqı bazarı ilə məhdudlaşmır. Hüquqi statusu müəyyənləşdirilməmiş əmlaklar bankların girov bazasına, investisiya imkanlarına, əmlak vergilərinin hesablanmasına və şəhərsalma planlaşdırılmasına da təsir göstərir.

Problemin həlli üçün hansı mexanizm tətbiq edilməlidir?

Rüfət Əliyevin fikrincə, ilk növbədə, mövcud yaşayış massivləri kompleks şəkildə inventarlaşdırılmalı və hüquqi vəziyyətinə görə qruplaşdırılmalıdır. Şəhərsalma və təhlükəsizlik baxımından yaşayış üçün uyğun ərazilərlə mühafizə zonalarında, mühəndis-kommunikasiya xətlərinin yaxınlığında və sürüşmə riski olan sahələrdə yerləşən tikililərə fərqli yanaşılmalıdır.

Ekspert artıq formalaşmış və rəsmiləşdirilməsi mümkün olan yaşayış massivlərində kollektiv rəsmiləşdirmə mexanizminin tətbiqini təklif edir. Onun qənaətinə görə, hər bir vətəndaşın ayrıca müraciəti əvəzinə, ərazi üzrə inventarlaşdırma aparılmalı və aidiyyəti dövlət qurumlarının birgə rəyi əsasında qərar qəbul edilməlidir.

Digər vacib məsələ köhnə torpaq sənədləri ilə müasir elektron kadastr xəritələri arasında uyğunsuzluqların aradan qaldırılmasıdır. Eyni zamanda torpaq təyinatının dəyişdirilməsi və tikililərin qeydiyyatı prosedurlarının vahid elektron müraciət sistemi vasitəsilə əlaqələndirilməsi zəruridir.

Rüfət Əliyev vətəndaşlara da sənədsiz ev alarkən diqqətli olmağı tövsiyə edib. O bildirib ki, bələdiyyə arayışı, torpaqayırma qərarı, köhnə dövlət aktı və etibarnamə eyni hüquqi qüvvəyə malik deyil. Alışdan əvvəl torpağın hüquqi mənsubiyyəti, kateqoriyası, məqsədli təyinatı, kadastr məlumatları və tikilinin dövlət qeydiyyatına alınma imkanları yoxlanılmalıdır.

Ekspertin fikrincə, əsas məqsəd bütün sənədsiz tikililərə avtomatik çıxarış vermək deyil, hüquqi və texniki baxımdan rəsmiləşdirilməsi mümkün olan əmlakları müəyyənləşdirmək, təhlükəli və qanunla məhdudlaşdırılmış ərazilərdəki tikililəri isə ayrıca qiymətləndirməkdir.

O, 2024-cü ildə təsdiqlənmiş qaydalar çərçivəsində elektron müraciət mexanizminin yaradılmasını və əvvəlki dövrlərdə formalaşmış yaşayış massivləri üzrə müraciətlərin aidiyyəti qurumlar və bələdiyyələr tərəfindən kompleks şəkildə təqdim olunmasının nəzərdə tutulmasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

Sənədsiz əmlak probleminin həlli vətəndaşların mülkiyyət hüquqlarının qorunması ilə yanaşı, daşınmaz əmlak bazarında qiymət fərqlərinin azalması, investisiya imkanlarının genişlənməsi və bank kreditləşməsinin inkişafı baxımından da əhəmiyyətlidir, – deyə Rüfət Əliyev fikrini yekunlaşdırıb.