H&M Azərbaycanda ilk mağazasını 17 oktyabrda açacaq
İsveçin qlobal moda brendi H&M Azərbaycandakı ilk mağazasını oktyabrın 17-si saat 12:00-da “Gənclik Mall”da açacağını təsdiqləyib.
Bu açılış H&M-in Sinteks Şirkətlər Qrupu ilə françayzinq tərəfdaşlığı çərçivəsində Azərbaycan bazarına daxil olacağı barədə əvvəlki elanından sonrakı növbəti mərhələdir.
İki mərtəbədə yerləşən və 2 153 kvadratmetr sahəni əhatə edən H&M-in Azərbaycandakı ilk mağazası kəşflər üçün ruhlandırıcı moda məkanı olacaq. İki müştəri girişindən mağazaya daxil olan ziyarətçiləri aktual trendlərlə mövsümün qarderob əsaslarını bir araya gətirən geniş məkan qarşılayacaq.
Qadın geyimlərindən - “Ladies” və “Divided konseptləri daxil olmaqla kişi və uşaq geyimlərinədək, mağaza H&M-in əsas moda konseptlərini bir məkanda birləşdirəcək. Təklifə qadınlar və kişilər üçün idman dəbini, funksionallığı və rahatlığı birləşdirən “H&M Move” da daxil olacaq. Müştəriləri yaradıcılığı, üslubu, keyfiyyəti və sərfəli qiymətləri bir araya gətirən geniş və daim yenilənən çeşid gözləyir.
H&M-in biznes ideyasının əsasında moda və keyfiyyəti ən sərfəli qiymətə, davamlı şəkildə təqdim etməklə modanı hər kəs üçün əlçatan etmək öhdəliyi dayanır. H&M müştərilərə moda dünyasını kəşf etmək, şəxsi üslubunu ifadə etmək və hər fürsət üçün uyğun seçim tapmaq azadlığı verir.
“H&M-i Azərbaycana gətirməkdən və qlobal genişlənmə yolumuzda bu həyəcanverici addımı atmaqdan məmnunuq. Azərbaycan dinamik və inkişaf edən bazardır və burada uzunmüddətli mövcudluq yaratmaq üçün böyük potensial görürük. Etibarlı tərəfdaşımız Sinteks ilə birlikdə H&M-in moda və keyfiyyətini ölkə üzrə müştərilərə ən sərfəli qiymətə təqdim etməyi və modanı hər kəs üçün əlçatan etmək məqsədilə ruhlandırıcı alış-veriş təcrübələri yaratmağı səbirsizliklə gözləyirik”, - H&M-in Françayzinq üzrə rəhbəri Linn Hoffström bildirib.
“Gənclik Mall” rahat əlçatanlığı zəngin moda, iaşə və əyləncə imkanları ilə bir araya gətirdiyi üçün H&M-in Azərbaycandakı ilk mağazası üçün seçilib. Rahatlıqla dinamik pərakəndə satış mühitinin bu vəhdəti “Gənclik Mall”u H&M-in müxtəlif moda təkliflərini Bakıdakı müştərilərə təqdim etmək üçün ideal məkana çevirir.
“H&M-in Azərbaycandakı ilk mağazasının açılışı bizim üçün mühüm mərhələdir və brendi Bakıdakı müştərilərə daha da yaxınlaşdırmaqdan qürur duyuruq. Komandamız hər kəsi “Gənclik Mall”da qarşılamağı, ruhlandırıcı moda və mükəmməl alış-veriş təcrübəsi vasitəsilə müştərilərimizlə güclü və uzunmüddətli əlaqə qurmağı səbirsizliklə gözləyir”, - H&M Azərbaycanın icraçı direktoru Pyotr Kuxarski bildirib.
Müştərilər 17 oktyabr saat 12:00-da “Gənclik Mall”da H&M-ə qoşulmağa və brendin Azərbaycandakı ilk mağazasının açılışını birlikdə qeyd etməyə dəvət olunur.
Ziyarətçilər saat 12:00-da keçiriləcək lentkəsmə mərasimini qaçırmamalıdırlar. Növbəyə qoşulan ilk 100 qonaq isə H&M-dən xüsusi hədiyyə alacaq.
H&M haqqında
H&M - “Hennes & Mauritz” AB (PUBL) 1947-ci ildə İsveçdə təsis edilib və “Nasdaq Stockholm” fond birjasında listinqdədir. H&M-in biznes ideyası moda və keyfiyyəti ən sərfəli qiymətə təklif etməkdir. Qrupun brendləri H&M (“H&M Home”, “H&M Move” və “H&M Beauty” daxil olmaqla), COS, “Weekday” (“Cheap Monday” və “Monki” daxil olmaqla), “&Other Stories”, “ARKET”, “Singular Society” və “Sellpy”dir. Qrupa həmçinin bir sıra digər təşəbbüslər daxildir.
Ətraflı məlumat üçün hmgroup.com saytına daxil olun.
Sinteks Şirkətlər Qrupu haqqında
1996-cı ildə təsis edilən Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən moda və həyat tərzi pərakəndə satış qrupudur. Qrup premium, orta-yüksək və kütləvi pərakəndə satış seqmentlərində 100-dən çox beynəlxalq brendi təmsil edir və univermaqlar, butiklər, konsept mağazalar və elektron ticarət platformaları daxil olmaqla 120-dən çox satış nöqtəsini idarə edir. Təxminən 1 700 əməkdaşı olan Sinteks Şirkətlər Qrupunun portfeli moda, aksesuarlar, ayaqqabı, gözəllik, zərgərlik, ev dekorasiyası, qida və içki sahələrini əhatə edir.





