İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair illik hesabatını açıqlayıb.
Hesabatda qurumun ötən il ərzində gördüyü işlər və qarşıdakı dövrdə reallaşdırılması nəzərdə tutulan layihələrdən bəhs edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum təsis edilib. İKTA-nın Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.